“Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki…”
“Qənirə xanımın sözlərinə olan “Qapını aç bu quluna ya rəbbim” adlı mahnını mən oxumuşam. Bu mahnını oxuyandan sonra Qənirə xanım o qədər kövrəldi ki. Dedi ki, mahnının nəbzini tuta bilmisən, ona xarakter vermisən. Əlavə etdi ki, elə bil mənim hisslərimi, duyğularımı bilərək oxumusan. Bu ilahiyə olan böyük bir eşq, sevgidir. Qənirə xanım bu mahnını belə yazmışdı”.
Metbuat.az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib.
O daha sonra millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bizimlə bölüşüb.
“O mənim can dostum idi. Biz onunla hər mövzuda söhbətlər edirdik. Mənə güvənirdi, bütün mövzularda danışırdı. Deyirdi ki, yeganə insansan ki, səfərə çıxanda çox rahatlıqla səninlə bir otaqda qala bilirəm, özümə başqa bir otaq istəmirəm. Səninlə rahat oluram, sən fərqli bir adamsan.
Xətrimi həmişə çox istəyib. 15 ildən çoxdur ki, bir yerdə Azərbaycan həqiqətlərini, Qarabağ problemlərini bütün dünyaya yayırdıq, birlikdə tədbirlərə, konfranslara gedirdik. Mən vətənpərvər mahnılar oxuyurdum, o isə Azərbaycan həqiqətlərini izah edirdi.
Heç yadımdan çıxmaz, biz Xocalı qətliamı ilə bağlı Türkiyənin 20 şəhərində tədbirlərdə olduq. Bu şəhərdə tədbir bitən kimi, o biri şəhərə gedirdik. Demək olar ki, yollarda, təyyarələrdə yatırdıq. Çox yorulurduq. Mənə deyirdi ki, özümlə bərabər səni də yoruram. Amma mənim üçün çox xoş idi. Vətənpərvər bir insan idi, türk dünyasını, ölkəsini çox sevirdi. Ümumbəşəri dəyərlərə çox hörmətlə yanaşırdı. Mən belə deyərdim ki, Qənirə xanım həm də millətini, ölkəsini, dövlətini sevirdi. Ona xidmət edirdi. Bu tərəfdən isə onun musiqi, ədəbiyyat, incəsənətlə çox bağlılığı var idi. Türkiyədən çox qonaqları gəlirdi, hamımızı evinə yığırdı. Oxuyurduq, şeir söyləyirdik, bir poeziya gecəsi təşkil olunurdu. Bütün bunlar yadıma düşəndə o qədər kövrəlirəm ki (kövrəlir).
Bütün konsertlərimdə, tədbirlərimdə öncədən gəlib çıxış edirdi, xeyir-dua verirdi. Onu zalda görəndə güc alırdım sanki. Onsuz tədbirləri, konsertləri belə təsəvvür etmək mümkün deyildi. Bir başqa insan idi. Böyüklə böyük, uşaqla uşaq idi. Çalışırdı hamıya yaxşılıq etsin. Mən illərdir onun yanında idim.
Mənə sual verirdilər ki, belə bir dəyərli millət vəkil kimi dostun var, bəzi şeylərdə sən niyə gecikirsən?! Onlara deyirdim ki, biz heç vaxt özümüz haqqında, mən özüm öz haqqımda onunla söhbət edib, bu məsələləri həll etmirdik.
Qənirə xanım heç vaxt düşünmürdü ki, ətrafında olan çox yaxınları üçün nəsə etsin. Çalışırdı ki, başqalarına dəstək olsun. Deyirdi ki, siz özünüz öz ayaqlarınız üstündə dura bilirsiniz, biz elə insanlara dəstək olmalıyıq ki, onlar bunu bacarmırlar, əziyyət çəkirlər. Həmişə belə düşünürdü.
1 həftədir xəstəxanaya gedirdim, orada ona olan sevgini görürdüm. Siz inanın ki, xəstəxana bu 1 həftə ərzində o qədər qonaqlı-qaralı oldu ki. Adam əlindən tərpənmək olmurdu. Bu bir sevgi idi. Sevgini heç nə ilə qazanmaq olmur. Qənirə xanım öz canını fəda etdi, amma insanların, Türk dünyasının sevgisini, nüfuzunu qazandı.
Mənim telefonum susmur, məni onun yanında görən insanlar dünyanın dörd bir yanından mesajlar yazır, zəng edirlər. Heç biri onun ölümünə inanmır. Xarakteri, həyata baxışı ilə tam fərqli bir xasiyyətə malik insan idi. O tam özü olduğu üçün yerini doldura biləcək biri yoxdur və olmayacaq da. Təbii ki, həyat davam edir. Yenə də insanlar yetişəcək, yenə də şəxsiyyətlər dünyaya gələcək. Amma Qənirə xanımdan bir də bu dünyaya gəlməyəcək.
Təəssüflər olsun ki, onu tez itirdik. Bir gün hamı bu dünyanı tərk edib gedəcək, ölüm anidir.
Ən çox məni üzən onun erkən yaşda dünyasını dəyişməsi oldu. Onun da nisgilli tərəfləri var idi. Arzu edərdim ki, ailəsi, özündən sonra bir övladı olsun.
Bir gün mən ona “Qənirə xanım, niyə ailə həyatı qurmursan? Yaş gedir axı?” deyəndə mənə dedi ki, “ay bacı bilirsən necədir? Mən ailə üçün, ev üçün yaranmadım. Allah məni bunun üçün yaratmayıb. Mən toplum üçün yaranmışam, o qədər oğlum, qızım var ki, bunlar mənə bəs edir” (kövrəlir)”. Bir də məni üzən bir səbəb var. Qənirə xanım torpaqlarımızın separatçılardan tam təmizləndiyi günü görmədi. Bu bilirsiniz nəyə bənzəyir? Əkib-becərdiyin, böyüyüb boya-başa çatdığın bir ağacın meyvəsi tam da yeyilən zaman onu yeyə bilmirsən. Bu məni çox üzür. Qənirə xanımın rəhmətə getməsi, ölümünün belə bir məqamda olması məni çox üzdü. Məkanı cənnət, ruhu şad olsun. Allah bizə bir də belə acılar yaşatmasın” deyə Nuriyyə Hüseynova bildirib.