Qərbi Azərbaycan İcması “Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün” mövzusunda konfrans keçirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
29 yanvar 2022-ci il tarixdə Qərbi Azərbaycan İcmasının nümayəndələri Sumqayıtın Tarixi Muzeyində olmuş, burada Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün” adlı elmi-praktik konfransda iştirak ediblər.
Metbuat.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Milli Məclisin Sumqayıtdan deputatı Müşviq Məmmədli, alimlər, ziyalılar, qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları konfransdan əvvəl muzeyin ekspozisiya zallarını gəzmiş, buradakı eksponatlarla tanış olmuşlar. Muzeyin direktoru Aygün xanım Zülfüqarlı muzey və buradakı eksponatlar barədə qonaqlara geniş məlumat verib.
Qərbi Zəngəzurdan olan vətənpərvər ziyalımız Bəxşeyiş Ələmşahovun 1988-ci il deportasiyası zamanı erməni tapdağından xilas edib özü ilə gətirdiyi və Sumqayıt muzeyinə hədiyyə etdiyi eksponatlar qonaqların diqqətini xüsusilə cəlb etmişdir. Bəxşeyiş Ələmşahov eksponatlar, onların tarixçəsi barədə ətraflı bəhs edib.
Muzeylə tanışlıqdan sonra muzeyin dəyirmi zalında konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli həm muzeylə tanışlıq, həm də konfransın keçirilməsi üçün yaratdıqları şəraitə görə Sumqayıt Tarixi Muzeyinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi-siyasi-diplomatik səriştəsi və bacarığı ilə Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra bölgədə yaranmış reallıqdan bəhs edən Əziz Ələkbərli bu reallığın yaratdığı ən mühüm cəhətlərdən biri kimi, Azərbaycan insanının milli ruhunun oyanışı üzərində xüsusi dayandı. “Bu ruh bizi əcdadlarımızın minillər boyu yaratdığı bütün milli mənəvi dəyərlərə sahib çıxmağa sövq edir. Bu dəyərlər sırasında bizim tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindəki mədəni irsimiz xüsusi yer tutur”, – deyə o bildirdi. Millət vəkili bugünkü konfransın da bu ali məqsədə xidmət etdiyini xüsusilə vurğuladı.
Milli Məclisin deputatı Müşviq Məmmədli belə bir konfrans keçirmək təşəbbüsü ilə çıxış etdiyi üçün Qərbi Azərbaycan İcmasına və onun Sumqayıt nümayəndəliyinə təşəkkür etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin son zamanlar Azərbaycanın tarixi torpaqları barədə etdiyi çıxışların, verdiyi mesajların çox böyük tarixi və siyasi əhəmiyyəti olduğunu bildirdi. Əslində, bunun tarixi ədalətin bərpasına xidmət etdiyini deyən millət vəkili bir daha xatırlatdı ki, Şərqi Zəngəzur kimi, Qərbi Zəngəzur da, Göyçə, İrəvan və digər tarixi mahallarımız da minillər boyu Azərbaycanın ayrılmaz hissəsi olub.
Tədbirdə Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli, Sumqayıt Tarixi Muzeyinə Qərbi Azərbaycan eksponatlarını hədiyyə edən vətənpərvər ziyalı Bəxşeyiş Ələmşahov, Qərbi Azərbaycan İcması sədrinin müavini, Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, Niderlanddan olan “Hollanda Azərbaycan Kültür Dərnəyi”nin sədri İlhan Aşkın, Sumqayıt Dövlət Universitetinin professoru Aslan Bayramov, yazıçı-publisist Miraslan Bəkirli, Qərbi Azərbaycan İcmasının Sumqayıt fəalları Cəmilə Fəyyaz, Yavər Quliyev və b. çıxış etdilər.
Tədbirin sonunda iştirakçılar “Qərbi Azərbaycanın Deportasiya Tarixi Muzeyi”nin yaradılması ilə bağlı müvafiq qurumlara müraciət etmək qərarına gəldilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.