“Qarabağ” “Zirə”nin qonağı olacaq
Azərbaycan Premyer Liqasında V tur “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək oyunla yekunlaşacaq
BEY.AZ-ın məlumatına görə, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu baş tutacaq. “Zirə” komandası öz meydanında son çempion “Qarabağ”ı qəbul edəcək.
Oyun Zirə İdman Kompleksinin stadionunda saat 20:45-də start götürəcək. Hazırda hər iki komanda çempionatda bir oyun az keçirib və 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Hər iki komanda üçün bu oyun turnir cədvəlində irəliləmək baxımından əhəmiyyətlidir.
Oyun hakimləri və VAR komandası da müəyyən edilib. Görüşün baş hakimi İnqilab Məmmədov, onun köməkçiləri Namiq Hüseynov, Rahil Ramazanov və Əli Əliyev olacaq. VAR sistemi Tural Qurbanov tərəfindən idarə ediləcək, AVAR isə Teymur Teymurov olacaq. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Erkin Hüseynov bu qarşılaşmanın təşkilində iştirak edəcəklər.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” komandası səfərdə “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib, “Turan Tovuz” isə evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” və “Neftçi” arasında keçirilən oyunda isə hesab açılmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |