Qiymətlər baha, fırıldaqçılar çox – Tələbələrin kirayə problemi
BEY.AZ informasiya agentliyi xəbər verir
Tədris ilinin başlamasına az bir vaxt qalıb. Hazırda yeni tələbə adını qazananlar büdcələrinə uyğun kirayə mənzil axtarışındadırlar. Əmlak bazarında baş verən qiymət artımı kirayə mənzil bazarına da öz təsirini göstərib.
Bu barədə Metbuat.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, satış qiymətəri qalxdıqca kirayə qiymətlərində də artımlar müşahidə olunur:
“2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə başlanıldı. Məsələ odur ki, artıq həmin binalardakı kirayəlik mənzillər də kirayə bazarından çıxırlar. Təqribən iki-üç il ərzində yeni binalar təhvil verilənə qədər köhnə binaların sakinləri məcbur olub kirayədə qalırlar. Bu da kirayə bazarına təsir edir.
Hesab edirəm ki, yaxın gələcəkdə qiymətlər daha da bahalaşacaq. Təəssüf ki, yeni yaşayış binalarında kirayə mənzillərin qiymətləri köhnə binalardakından iki dəfəyə qədər bahadır. Bu səbəbdən də tələbələr paytaxt ərazisində mənzil tapa bilmir, məcburən paytaxtdan kənar ərazilərə, misal üçün, Abşeron rayonu və digər ərazilərə üz tuturlar. Tələbələr mənzil kirayələmək üçün daha çox paytaxtın Yasamal və Nərimanov rayonlarına üz tuturlar. Çünki ali təhsil müəssisələrinin əksəriyyəti daha çox bu rayonların ərazisinə düşüb. Bu iki rayonda mənzillərin aylıq kirayə qiymətləri digər ərazilərə nisbətən daha bahadır. Düşünürəm ki, problemdən çıxış yolu tələbələr üçün yataqxanaların tikilməsindədir. Bu, kirayə mənzil bazarında qiymətlərə də təsir edəcək”.
Bakıya tələbələrin gəlişi kirayə mənzil bazarında bəzi fırıldaqçıları da yuxusundan oyadıb. Onlar daha çox birinci kurs tələbələrinin valideynlərinə internet üzərindən ev kirayələnməsində kömək edib, daha sonra pul alaraq aradan çıxırlar. Ekspert deyir ki, bu vəziyyətin yaşanmaması üçün kirayə ev axtaran tələbələr özləri vizual olaraq mənzili görüb, seçsinlər:
“Mənzil axtaran valideynlər bəzi hallarda mənzili görmədən elan verən şəxsin hesabına pul köçürürlər. Bəzən onlar inanıb pulu tam şəkildə kart vasitəsi ilə ödəyirlər. Bundan sonra həmin elan verən şəxsin nömrəsinə zəng çatmır. Beləcə vətəndaşlar bilmədən bu dələduzların toruna düşür. Fırıldaqçıların tələsinə düşməmək üçün kirayə ev axtaran tələbələr elan saytlarına deyil, mənzillərin özünə birbaşa baxmalı, kirayə şərtlərini, ödənişi mənzil sahibləri aparılmalıdırlar.
Yaxşı olardı ki, bu proses notarial qaydada müqavilə bağlanmaqla aparılsın. Hər iki tərəf – kirayə verən və kirayə götürən hüquqların qorunması üçün müqavilələr bağlamalıdır. Əks halda ev kirayələndikdən bir müddət sonra yaramış problemlərə görə, tələbələr yenidən ev axtarmaq məcburiyyəti yaşaya bilərlər. Tələbələr və digər şəxs qalacaqları mənzillərin sığortalanmasını da tələb edə bilərlər. Bu halda baş verən hansısa bir hadisəyə görə dəymiş zərəri mənzildə qalanlar deyil, sığorta şirkətləri qarşılayırlar.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qiymətlər #baha #fırıldaqçılar #çox #Tələbələrin #kirayə #problemi