fbpx

“Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Şuşada Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, iyunun 15-də Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rüya tabirlerini burdan oku

Daha sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda, o cümlədən qardaş Türkiyədə silsilə tədbirlər həyata keçirilir. Eyni zamanda, bu il dünyada nüfuzlu və qüdrətli dövlət, müasir və demokratik ölkə kimi tanınan, davamlı yüksəlişi və möhtəşəm uğurları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilməkdədir”.

YAP Sədrinin müavini qeyd edib ki, əziz xatirəsini sonsuz sayğı və dərin ehtiramla anaraq anadan olmasının 100-cü ildönümünü qürurla və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: “Müdrik dövlət xadimi iki fərqli dövrdə – istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmuş, Azərbaycan xalqının parlaq gələcəyini təmin etmişdir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını – doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət – vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu. Eyni zamanda, həmin vaxt ölkəmiz olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən – 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. 30 il bundan əvvəl – 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı”.

Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yerinin və rolunun olduğunu deyən YAP Mərkəzi Aparatının rəhbərinin sözlərinə görə, bu, xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: “Qurtuluş məfkurəsi Heydər Əliyevin xilaskarlıq missiyası kimi Azərbaycana tarixi uğurlar qazandırmış və xalqımıza şanlı qələbələr bəxş etmişdir”.

Tahir Budaqov vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında Prezident seçilməsindən sonra sabitliyin və inkişafın təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların, sistemli ordu quruculuğunun reallaşdırılması, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, tarixi Zəfərimizin möhkəm əsasları yaradıldı: “Bir sözlə, Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanı Qurtuluşdan tərəqqiyə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. Nəzər yetirdiyimiz faktlar və reallıqlar göstərir ki, Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş etmiş, ölkəmizin siyasi, demokratik və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu subyektinə, sözünə etibar edilən və mövqeyinə hörmətlə yanaşılan güclü dövlətə çevrilməsini şərtləndirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”.

YAP Sədrinin müavini deyib ki, bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında – sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir: “Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə qazanılan uğurlar və hazırkı reallıqlar Heydər Əliyev yolunun Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. Fenomenal şəxsiyyətin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin milli maraqlara, müasir çağırışlara əsaslanan, tərəqqi və Zəfərə hədəflənən siyasəti çoxəsrlik dövlətçilik tariximizin ən qüdrətli Azərbaycan reallığını mümkün etmişdir. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın ikili standartlara, mürəkkəb beynəlxalq şəraitdə qərəzli geopolitik oyunlara, ədalətsiz və mürtəce yanaşmalara rəğmən, Prezident İlham Əliyevin komandanlığı ilə, dövlətimizin qüdrəti və xalqımızın iradəsi nəticəsində düşmən tapdağından azad edilməsi isə Heydər Əliyev siyasətinin möhtəşəm uğuru və təntənəsidir”.

Tahir Budaqov söyləyib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana yüksək mənəvi-siyasi dəstəyinin müstəsna rolu vardır: “Müharibənin ilk dəqiqələrindən etibarən “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin və Türkiyə xalqının Azərbaycana inamlı dəstəyi böyük mənəvi-siyasi stimul kimi bu tarixi qalibiyyətə güclü təkan oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan və müasir tariximizdə Ümummilli Liderimizin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı – qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun alan Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində tamamilə yeni bir səviyyəyə qalxmış, iki il bundan əvvəl – 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır. Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.

“İnkaredilməz həqiqətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının çoxşaxəli əməkdaşlığının mühüm rolu var. Təqdirəlayiq haldır ki, 2021-ci ilin iyun ayının 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək atılan addımlar partiyalar arasında əlaqələrin genişlənməsini və işbirliyinin dərinləşməsini şərtləndirir. Xüsusilə də, qarşılıqlı səfərlərin həyata keçirilməsi, mütəmadi olaraq fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyası və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər. Yeri gəlmişkən, fürsətdən istifadə edərək Azərbaycan xalqının da böyük diqqətlə və həyəcanla yaxından izlədiyi seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının qazandığı inamlı qələbə münasibətilə Ədalət və İnkişaf Partiyasına təbriklərimizi çatdırır, dəyərli dostumuz Numan Kurtulmuşa Türkiyə Böyük Millət Məclisinin sədri kimi fəaliyyətində uğurlar, yeni yüzillikdə qardaş ölkəyə davamlı nailiyyətlər və daha böyük qələbələr arzulayırıq”,- deyən Tahir Budaqovun sözlərinə görə, sevindirici haldır ki, Türkiyə xalqı son illərdə qazanılan möhtəşəm uğurların davamına səs verməklə düzgün seçim etdi və müdriklik nümunəsi ortaya qoydu: “Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son 20 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində Türkiyənin potensialı və gücü artmış, xalq-iqtidar birliyi təmin edilmiş – milli həmrəylik gücləndirilmiş, qardaş ölkə dünya miqyasında söz və nüfuz sahibinə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. Şübhə yoxdur ki, “Böyük və güclü Türkiyəni birlikdə quraq” çağırışı ilə çıxış edən cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti yeni yüzillik üçün müəyyən edilmiş strateji hədəfləri gerçəkləşdirməklə beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirəcəkdir”.

“Azərbaycan hər zaman olduğu kimi, bu gün də “Türkiyə yüz ili” hədəfləri çərçivəsində inkişaf yolunda əmin addımlarla irəliləyən qardaş ölkənin yanındadır, eləcə də hamımızı dərindən sarsıdan dəhşətli faciənin – zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında, həmin bölgələrdə quruculuq işlərinin aparılmasında yaxından iştirak edərək Türkiyə dövlətinə və xalqına qardaş köməyini əsirgəmir. Türkiyə də öz növbəsində Azərbaycana qətiyyətli dəstək göstərir, həm regionda sülhyaratma prosesində, həm də işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərində fəal iştirak edir. Bu gerçəkliklər unikal və nümunəvi xarakter daşıyan Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir”. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Türk dövlətləri birliyinə eşq olsun!” ,- deyə YAP Sədrinin müavini vurğulayıb.

Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, bu gün biz Şuşada 15 İyun – Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünü qeyd edirik. “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu söyləyən Binəli Yıldırım “Dəvət üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirik. Türk dünyasının seçilən iki dövləti – Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələr daim zirvədə olacaq” ,- deyə vurğulayıb.

Binəli Yıldırım vurğulayıb ki, Bursadan sonra Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bu gün Şuşada bir araya gəlməyimiz qürurvericidir: “Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı zaman keçdikcə daha da dərinləşir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın yenidən qurulmasında Türkiyənin yaxından iştirak etməsindən məmnunluq duyuruq”.

AK Parti Sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasında böyük xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qürurla qeyd olunur: “Məhz Ulu Öndər Azərbaycan xalqı üçün çətin dövrdə öz siyasi iradəsini ortaya qoydu. O, ölkədə xaos olduğu bir dövrdə xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanın bölgədə müstəqil və güclü dövlət olmasının əsaslarını yaratdı. Heydər Əliyevin arxalandığı ancaq xalq oldu, xalq da ona arxalandı. Ümummilli Lider Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dünyaya bəyan etdi”.

Heydər Əliyevin Azərbaycanda reallaşdırdığı neft strategiyasından bəhs edən Binəli Yıldırım qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələrin əsası məhz Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə qoyulub. Bu gün Azərbaycanın Türkiyə ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

Binəli Yıldırım vurğulayıb ki, əlaqələrimizin daha da dərinləşməsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu böyükdür. 2021-ci ildə keçirilən tarixi İstanbul Zirvəsi ilə təşkilat yeni mərhələyə qədəm qoydu. Təşkilatın adı dəyişdirildi və Türkmənistan TDT-yə müşahidəçi üzv kimi qoşuldu: “İstanbul zirvəsi bir neçə aspektdən önəmlidir. Bu toplantıda TDT-nin 2040-cı ilədək konsepsiyası hazırlandı. Həmçinin Türk İnvestisiya Fondunun yaradılması qərara alındı. İstanbul Zirvə görüşündə diqqətçəkən məqamlardan biri də TDT-nin Ağsaqqallar Şurasının yaradılması oldu”.

TDT-nin Səmərqənd Zirvə görüşünün əhəmiyyətinə də toxunan Binəli Yıldırım onun ən mühüm nəticələrindən biri kimi Şimali Kipr Türk Cümhuriyyətinin quruma müşahidəçi statusunda qəbul edilməsini xüsusi qeyd etdi. Digər tərəfdən, Türkiyə İnvestisiya Fondunun 2022-2026-cı illər üçün Fəaliyyət Planının qəbul edilməsinin önəmini vurğulayan Binəli Yıldırım bildirdi ki, ticarətin asanlaşdırılması diqqət yetirilən prioritet məsələlərdən biri olub: “800 milyard dollarlıq xarici ticarət həcmi, 160 milyonluq əhalisi, 5 milyon kvadrat kilometr ərazisi olan bu təşkilat və onun 8 üzvü, şübhəsiz ki, dünya iqtisadiyyatında və regional iqtisadiyyatda çox mühüm yer tutur. Bu ölkələrin xarici ticarətə malik olmasına baxmayaraq, bu 8 ölkə arasında ticarət cəmi 24 milyard dollardır. Bu baxımdan, təşkilatın üzvləri arasında ticarətin inkişafı və qarşılıqlı investisiyaların artırılması üçün daha çox səy göstərilməsinə ehtiyac var. Xüsusən də əsrlər boyu insanların xidmətində olan tarixi İpək Yolunun bərpa edilməsi çox mühüm önəm daşıyır”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan Binəli Yıldırım “Ermənistan Qarabağın artıq Azərbaycanın əzəli tərkib hissəsi olduğunu qeyd-şərtsiz qəbul edib. Qarabağda yaşayan ermənilərin inteqrasiyası artıq başlayıb. Bu ərazilərdəki separatçı qüvvələr öz fəaliyyətini dayandırmalı və Azərbaycana təslim olmalıdır. Azərbaycan rəhbərliyi hər zaman humanist addımlar atır”, – deyə o bildirib.

Binəli Yıldırım Ermənistanın Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması prosesini ləngitdiyini deyib. Qeyd edib ki, Ermənistan bununla özünə ziyan edir. Vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında əlaqələr daha da möhkəmlənəcəkdir: “Bizim məqsədimiz aydındır. Hədəfimiz bölgədə rifahı və hüzuru artırmaq, sülh və sabitliyə nail olmaqdır. TDT hansısa ölkəni təhdid edən təşkilat deyil, amma bizə qarşı hər hansı haqsızlıq olarsa, cavab verməyə hazırıq”.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi, ölkənin parlaq gələcəyinin təməlinin qoyulduğu 15 iyun – Milli Qurtuluş Gününü qardaş Türkiyədən olan hörmətli qonaqlarla müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının iftixar nöqtəsi adlandırdığı Şuşada qeyd etmək qürurvericidir: “Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin sarsılmaz təməllər üzərində qurduğu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə davam etdirdiyi daxili və xarici siyasət, güclü iqtisadiyyat və ordu quruculuğu işinin məntiqi sonluğu olaraq biz indi Şuşada, Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri olan mədəniyyət paytaxtımızdayıq. Cənab Prezidentin Ulu Öndərimizin anadan olduğu gündə – 10 may tarixində Şuşanın mərkəzi meydanından xalqa müraciət etməsi də Şuşanın bizim üçün, bütün türk dünyası üçün dəyərindən xəbər verir. Bugünkü təqvim, eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması ilə tarixə düşmüşdür. İki qardaş dövlətin qarşılıqlı münasibətlərini bütün sahələrdə ən yüksək səviyyədə bəyan edən bu sənədin Şuşada imzalanması da torpaqlarımızın işğaldan azad edilməsinin türk dünyası üçün əhəmiyyətindən xəbər verir”.

“Bildiyiniz kimi, ötən il TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Xoş təsadüfdür ki, bu qürurverici estafet məhz Türkiyənin qədim tarix və mədəniyyətə malik Bursa şəhərindən Şuşaya ötürülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması münasibətilə müvafiq tədbirlər planı hazırlanmış və tədbirlərin artıq bəziləri müvəffəqiyyətlə icra edilmişdir”,- deyə Aydın Kərimov söyləyib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi qeyd edib ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra beynəlxalq müstəvidə dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atılmışdır: “Belə ki, müxtəlif ölkələrin 9 şəhəri ilə qardaşlaşma və tərəfdaşlığa dair protokol imzalanmışdır ki, bunlardan ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir. Həmçinin Türk dövlətlərindən Qazaxıstanın Türküstan, Özbəkistanın isə Xivə şəhərləri ilə də qardaşlıq münasibətləri qurulmuşdur. Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Macarıstanın Veszprem şəhəri də Şuşa ilə əməkdaşlıq əlaqələri quran şəhərlər sırasındadır”.

Aydın Kərimov vurğulayıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri fonunda Şuşada da bir çox məsələlər öz həllini tapmış, iri layihələr həyata keçirilmiş və bu istiqamətdə işlər sürətlə, mütəşəkkil qaydada davam etdirilməkdədir: “Qısa zaman kəsiyində Şuşada 13 abidə, o cümlədən 2 məscid tam bərpa edilmişdir. Şəhərin kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülmüşdür”.

“İşğaldan azad edilən ərazilərimizdə Türkiyə şirkətlərinin səmərəli fəaliyyətini də xüsusi olaraq vurğulamaq istərdim. Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun salınmasında Türkiyə şirkətlərinin də xüsusi fəallığı ilə aparılan işin nəticəsidir ki, ümumilikdə 81.6 km uzunluğu olan otobanın növbəti ildə istifadəyə verilməsi planlaşdırılır. Cənab Prezidentin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılmasıdır. Böyük məmnunluqla bildirmək istəyirəm ki, artıq bu istiqamətdə bir çox işlər görülmüşdür və ilin sonunda yüzlərlə şuşalının öz doğma yurdlarına köçürülməsi planlaşdırılır. Bununla bağlı hazırda ilkin olaraq 23 yaşayış binasının tikintisi davam etdirilir” ,- deyə xüsusi nümayəndə əlavə edib.

Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala növbəti dəfə Şuşada olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. “Şuşa sözlə ifadə olunmayacaq bir şəhərdir”,- deyən AK Parti sədrinin müavini konfransın əhəmiyyətindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdıran Efkan Ala qeyd edib ki, 2021-ci il 15 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdik: “Münasibətlərimiz xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub. Bu ilin fevralında ölkəmizin yaşadığı zəlzələ fəlakətində bizə yardım edən ölkələr sırasında Azərbaycanı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan yardım üçün bütün imkanlarını səfərbər etdi. Var gücü ilə Türk qardaşlarına kömək etməyə çalışan Azərbaycan xalqının dəstəyi həmrəyliyimizin simvoluna çevrilib. Təxminən bir ay əvvəl zəlzələnin episentri olan Kahramanmaraşda Azərbaycanın maliyyələşdirdiyi 1000 mənzil tikintisi layihəsinin təməli qoyulub”.

AK Parti sədrinin müavini diqqətə çatdırıb ki, münasibətlərimizin bu cür yüksək səviyyəyə gəlib çatmasında Prezidentlərimizin dostluğunun böyük rolu var. Dövlətlərimiz arasında qardaşlıq anlayışı iki ölkənin hakim partiyaları olan AK Parti ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verir. 2021-ci il iyunun 2-də Ankarada partiyalar arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu da bu məqsədə xidmət edir.

“Ölkələrimizin həyata keçirdiyi və bundan sonra da reallaşdıracağı layihələr regionda sabitliyə və xalqların rifahına yönəlib. Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir. Eyni zamanda, xaricdəki diasporlarımız birlikdə fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlığın regionumuzda sülh və rifah üçün nə qədər əhəmiyyətli olduğu aydın görünür. Bilirsiniz ki, Vətən müharibəsində bütün Türkiyənin ürəyi qardaş Azərbaycanla birlikdə döyünürdü. İki il öncə Prezidentlərimizin azad Şuşada imzaladığı müttəfiqlik Bəyannaməsi isə əlaqələrimizi ən yüksək zirvəyə yüksəltdi”,- deyə Efkan Ala vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ramil Həsən isə çıxışında bildirib ki, Qurtuluşdan Zəfərə gedən yol heç də asan olmayıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə eyni kökə malik iki dövlətin tarixində yeni səhifə açılıb: “Həm 44 günlük Vətən müharibəsində Zəfərimizin qazanılmasında, həm də ondan sonrakı proseslərdə Türkiyə Azərbaycanın yanında olub və bu gün də yanındadır. Biz bu dəstəyi Türkiyə Böyük Millət Məclisindən də görürük. Parlamentlərimiz birgə əməkdaşlıq çərçivəsində ölkələrimizin haqq səsini dünyaya çatdırırlar. Parlamentlərimizin başlatdığı birgə dəstək layihəsinə artıq digər türkdilli dövlətlərin parlamentləri də qoşulublar. Türkdilli Dövlətlərin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondu, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların səmərəli fəaliyyət göstərməsi Azərbaycan və Türkiyə liderlərinin birgə səylərinin nəticəsidir. Azərbaycan və Türkiyə türkdilli ölkələri bir araya gətirən lokomotiv rolunda çıxış edirlər. Şuşa Bəyannaməsi isə iki ölkənin birliyinin və qardaşlığının təntənəsidir”.

Millət vəkili söyləyib ki, hakim partiyalar olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası səməərəli əməkdaşlıq edir və müxtəlif layihələr həyata keçirir, üzərlərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlirlər. Bir sözlə, Azərbaycan və Türkiyənin bütün istiqamətlərdə bir-birini dəstəkləməsi birliyimizin, həmrəyliyimizin təcəssümüdür. “Dünyada baş verən haqsızlıqlar və ədalətsizliklər fonunda ölkələrimizin bir yumruq kimi birləşməsi bizi istəməyənlər üçün gözdağı, dostlar üçün isə qürurdur. Azərbaycan-Türkiyə münasibətləri, sarsılmaz birliyimiz digər türk dövlətləri üçün də nümunədir”,- deyə Ramil Həsən söyləyib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, bu gün Türkiyə Böyük Millət Məclisinin üzvü olaraq müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu 44 günlük Vətən müharibəsi nəticəsində şəhidlərimizin qanı bahasına azad edilmiş Qarabağ torpaqlarında, Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi, TÜRKSOY tərəfindən 2023-cü ildə Türk Dövlətləri Təşkilatının Mədəniyyət paytaxtı elan edilmiş Şuşada olduğu üçün xoşbəxtdir: “Beynəlxalq konfransı yüksək səviyyədə təşkil etdiyi üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu gün tarixi bir gündür. Bildiyiniz kimi, iki gün bundan əvvəl hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ənənəsinə sadiq qalaraq ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətindən sonra can Azərbaycana etdi. Burada rəsmi görüşlərində və mətbuata açıqlamasında ciddi mesajlar verdi. Bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında dostluğumuz və müttəfiqliyimiz ən ali səviyyəyə yüksəlib. Bundan sonrakı hədəfimiz isə Türk dünyasında münasibətlərimizi daha da inkişaf etdirməkdir”.

Şamil Ayrım bildirib ki, Azərbaycan ilə Türkiyə regionda və dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarıdır: “Bu mənada, iki dövlət arasında iki il əvvəl imzalanmış Şuşa Bəyannaməsi bir manifestdir. Bəyannamənin əsas mahiyyəti regionda dostluq və tərəfdaşlığın, dayanıqlı sülhün bərqərar edilməsi, kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması kimi məsələləri ehtiva edir”.

“Mən uşaqlığımda həmişə xəyal edərdim ki, görəsən nə vaxtsa müstəqil Azərbaycanın paytaxtı Bakını görə biləcəmmi? Allaha şükür, bu, bizə nəsib oldu. Xəyal etmişdim ki, Şuşaya gedə biləcəmmi? O da qismət oldu. İndi arzu edirəm ki, övladlarımla birlikdə öz avtomobilimlə İstanbuldan çıxıb Zəngəzur dəhlizindən keçərək Şuşaya gəlim. Allah o günü də biz qismət edəcək. Bəli, biz bir yumruğuq, tək canıq, tək millətik!”.

Daha sonra konfrans öz işini panel iclası ilə davam etdirib.

Çıxış edən Türkiyə enerji və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan qeyd edib ki, ikinci Vətənimiz olan Azərbaycanın Milli Qurtuluş Günündə beynəlxalq konfransda iştirak etməkdən qürur hissi keçirirəm: “Laçından Füzuliyə, Cəbrayıldan Qarabağa salam verdiyimiz bütün Vətən torpağının azadlığa qovuşması bizi çox sevindirdi. Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anırıq. Türkiyə-Azərbaycan əlaqələri möhkəm əsaslar üzərində qurulub. Bizi bir-birimizə bağlayan təməllər çox möhkəmdir və tarixin ən çətin məqamlarında daha da güclənib. Biz qarşımıza çıxan maneələri birlikdə dəf etməyi bacardıq. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və gələcəyimiz daha parlaq olacaq. Ölkələrimiz arasındakı enerji sahəsində əlaqələr də çox fərqlidir. Azərbaycan və Türkiyə bölgədə həyata keçirilən nəhəng layihələrin aktoru rolunda çıxış edirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, birlikdə həyata keçirilən nəhəng layihələr bizim gücümüzün göstəricisidir”.

Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, konfransın Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyır. Şuşa Bəyannaməsi nəinki iki ölkə, hətta bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır, regionun resurslar, kommunikasiya və logistika potensialının birgə istifadəsinə imkan yaratmaqla faydalı və firavan gələcək vəd edir.

Nazir müavini qeyd edib ki, qlobal çağırışlar və regional dəyişikliklər Azərbaycan və Türkiyənin iştirakı ilə uzun illərdir həyata keçirilən enerji kursuna da yeni məzmun qazandırır: “Şuşa Bəyannaməsində enerji məsələlərinin yer alması da göstərir ki, bu əməkdaşlıq artıq müttəfiqlik münasibətləri səviyyəsində inkişaf etdiriləcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, TANAP ilə beynəlxalq enerji təhlükəsizliyinin təminatında aparıcı iştirakçılar olan Azərbaycan və Türkiyə gələcək illərdə bu missiyanı Cənub Qaz Dəhlizindən səmərəli istifadə etməklə həyata keçirəcəklər. Güclü Azərbaycan-Türkiyə enerji əməkdaşlığı dünən olduğu kimi, bu gün və sabah da tarixi zərurətdir, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji əhəmiyyət kəsb edən, Avropa dövlətlərinin tərəfdaşlığa can atdıqları ölkələr oldular: “TANAP Türkiyəni təbii qaz təchizatının vacib bir həlqəsinə çevirməklə bərabər onun qaz ehtiyacının önəmli bir qismini də qarşılayır. Önümüzdə TANAP və TAP-ın genişləndirilməsi planları var. 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması ilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və tədarükün şaxələndirilməsi missiyamızı yeniləmək niyyətindəyik”.

“Hazırda əməkdaşlığımızın gündəmindəki məsələlərdən biri Türkiyədən Naxçıvana təbii qazın tədarükünə nail olmaqdır. İğdırdan Naxçıvana illik 500 milyon kubmetr təbii qaz daşıyacaq boru kəməri ilə bağlı məsələlərin tezliklə yekunlaşmasını və qaz xəttinin çəkilməsini səbirsizliklə gözləyirik. Ölkələrimiz neft və təbii qaz sahəsində olduğu kimi, elektrik enerjisi sektorunda da uğurla əməkdaşlıq edirlər. Hazırda enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılması və bərpaolunan enerjidən daha çox diversifikasiya vasitəsi kimi istifadə edilməsi məsələləri aktuallaşır. Azərbaycan tərəfdaşları üçün “yaşıl enerji”nin də etibarlı mənbəyi olmağa hazırlaşır. Bu məqsədlə Xəzər dənizinin 157 qiqavatlıq külək potensialından istifadə də daxil olmaqla iri istehsal güclərinin, “yaşıl enerji” dəhlizinin və digər ixrac marşrutlarının yaradılması ilə bağlı genişmiqyaslı işlər aparılır. Hazırda “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bu günlərdə Naxçıvanda ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzaladıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Ümumən muxtar respublikada külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması strateji hədəfimizdir və bu güclərin təxminən 1 QVt-nın Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracını planlaşdırırıq. Eyni zamanda, “Cəbrayıl” enerji qovşağının yaradılması imkan verir ki, elektrik enerjisi Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülsün”,- deyə nazir müavini vurğulayıb.

Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Dövlət Təşkilatı Sədrinin müavini Mustafa Murad Şeker bildirib ki, Azərbaycanın Milli Qurtuluş Günündə Qarabağ Zəfərinin simvolu olan Şuşada keçiriləın beynəlxalq konfransda çıxış etməkdən qürur duyur: “Can Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində Zəfər qazanaraq Ermənistanın 30 il davam edən işğalına son qoyması və tarixi ədaləti bərpa etməsi bizi olduqca sevindirir. Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsində Azərbaycan önəmli aktor olaraq rol almaqdadır. Qardaş ölkəmizin Silahlı Qüvvələrinin modernləşdirilməsində Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Dövlət Təşkilatı olaraq güclü şəkildə dəstəyi davam etməkdəyik”.

Mustafa Murad Şeker vurğulayıb ki, müdafiə sənayesi sahəsində əlaqələr mühüm əhəmiyyət daşıyır: “Burada milli müdafiə sənayesi silahlarına sahib olmaq xüsusi önəm kəsb etməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müdafiə sənayesi sahəsində mühüm nailiyyətlər əldə etməkdədir. Biz müdafiə sənayemizi inkişaf etdirərkən təkcə özümüz üçün çalışmırıq. Əlimizdəki milli müdafiə sənayesi məhsullarını dost, qardaş ölkələrin də məhsulu olaraq görürük. Bizim bütün müdafiə sənayesi məhsullarımız can Azərbaycanındır, bizim olan hər şey sizindir”.

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfərin əldə edilməsində Türkiyə dövlətinin və xalqının göstərdiyi yüksək mənəvi dəstək Azərbaycanın qədirbilən xalqı tərəfindən heç vaxt unudulmayacaq: “Xalqlarımız tarixin bu çətin sınağından da üzüağ və şərəflə çıxmaqla Ulu Öndər Heydər Əliyevin söylədiyi “bir millət, iki dövlət” müdrik kəlamını özündə əks etdirən Azərbaycan-Türkiyə arasındakı qardaşlıq, dostluq və strateji tərəfdaşlıq əlaqələrini yeni mərhələyə yüksəltdi”.

Onun sözlərinə görə, Azərbaycan tarix boyu dost və qardaş ölkə olan Türkiyənin müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki sahədə dəstəyini hiss edib. NATO standartları və qabaqcıl texnologiya əsasında işləyən Türkiyənin müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb və müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 31 oktyabr 2017-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Tərəflər arasında imzalanmış bu sazişə uyğun olaraq Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında İşçi Qrupu yaradılıb və hazırkı dövrə qədər İşçi Qrupunun 3 iclası keçirilib.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrdən biri perspektiv planda innovativ xüsusi təyinatlı məhsulların və digər texnologiyaların işlənib hazırlanmasıdır: “Müasir dövrdə müdafiə sənayesi sahəsinin inkişafına nail olmaq üçün Türkiyənin hərbi sənaye kompleksi ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, elmi-texniki nailiyyətlərin və yeni ideyaların bölüşülməsi, ümumiyyətlə, müştərək fəaliyyət vacib əhəmiyyət kəsb edir. Bu isə dost və qardaş ölkə ilə hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, müştərək elmi-tədqiqat işlərinin aparılması, texnologiya transferi, təcrübə mübadiləsi, daxili layihələndirmə bacarıqlarına nail olunması və istehsalın təşkili üçün geniş imkan və perspektivlər açır. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində xüsusi təyinatlı məhsulların istehsalı üçün tələb olunan xammal, dəstləşdirici hissələr və kimyəvi maddələr Türkiyə Respublikasının müvafiq müəssisələrindən tədarük edilir. Hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının hərbi sənaye kompleksləri arasında olan əməkdaşlıq müxtəlif sahələri əhatə edir və sürətlə inkişaf etməkdədir. Türkiyənin sahib olduğu müasir hərbi sənaye Azərbaycan üçün də fəxr mənbəyidir, çünki güclü Türkiyə güclü Azərbaycan deməkdir”.

SETA Strateji Araşdırmalar Mərkəzinin elmi araşdırmaçısı Ferhat Pirinççi Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümündə bu tarixi şəhərdə olmaqdan böyük iftixar duyduğunu bildirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra Şuşa Bəyannaməsinin imzalanması böyük əhəmiyyət daşıyır: “Bəyannamənin həm qlobal, həm də regional önəmi çox böyükdür. Çünki biz bölgədə və dünyada baş verən prosesləri diqqətlə izləyirik, nəticələri görürük. Şuşa Bəyannaməsinin imzalanmasından keçən iki il ərzində Azərbaycanla Türkiyənin əlaqələri daha da sıxlaşıb, qarşılıqlı olaraq nümayəndə heyətlərinin səfərləri davam edib. Təbii ki, bu səfərlər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edir. Əminliklə demək olar ki, müttəfiqlik Bəyannaməsinin müddəalarının gerçəkləşməsi istiqamətində çox böyük işlər görülüb”.

Ferhat Pirincçi İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin bərpasından bəhs edərək söyləyib ki, Azərbaycan çox böyük işlərin öhdəsindən gəlir. O, Ermənistanın son vaxtlar sərgilədiyi davranışlardan da söz açıb. Qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşmasına bəzi ölkələr mane olmağa çalışsalar da, buna nail ola bilməyəcəklər. Azərbaycanla Türkiyənin nümunəvi münasibətlərinin bütün türk dünyasına müsbət təsiri var.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu Azərbaycan-Türkiyə münasibətlərinin dünyanın digər dövlətləri arasında səmimi dostluq, qardaşlıq və bərabərhüquqlu münasibətlərin qurulması üçün unikal bir nümunə olduğunu bildirib. O qeyd edib ki, ortaq tarixi köklərin, mədəni dəyərlərin, dinin, dilin olması ilə yanaşı, həm Azərbaycanın, həm də Türkiyənin hərtərəfli yüksək potensialı, beynəlxalq siyasi münasibətlər sistemində təsirli yerə və rola malik olmaları da münasibətlərin ən yüksək səviyyədə inkişafını şərtləndirib: “Bu gün həm qardaş Türkiyə, həm də Azərbaycan real olaraq biri-birinə dəstək olacaq gücdədirlər. Türkiyənin həm regional, həm də qlobal səviyyədə nüfuzunun, təsir imkanlarının artması təkcə Yaxın Şərqdə deyil, dünya geosiyasi arenasında güc balansını təmin etməkdədir. Azərbaycan da çox da uzun olmayan müstəqillik tarixində geniş potensiala malik etibarlı strateji tərəfdaş ölkəyə çevrilib”.

Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi-ideoloji əsasını “bir millət, iki dövlət” prinsipinin təşkil etməsi iki qardaş ölkəni kifayət qədər təsirli vahid gücə çevirməyə başladı: “Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu böyük məharətlə davam etdirərək Türkiyə ilə münasibətlərin hərtərəfli inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən yüksək inkişaf səviyyəsinə çatdı”.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Bəyannamə münasibətlərin inkişafının yeni mərhələsini müəyyənləşdirdi: “Şuşa Bəyannaməsini imzalamaqla Azərbaycan və Türkiyə hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmiləşdirmiş oldular. Şuşa Bəyannaməsinə əsasən Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə biri-birinin təhlükəsizliyinin təmin olunması ilə bağlı öz üzərlərinə öhdəlik götürmüş oldular. Bu, Azərbaycan-Türkiyə birliyi, iki qardaş ölkənin vahid güc olması haqqında dünya üçün olduqca təsirli bir mesaj idi. Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın dinamik inkişafını və səmərəsini şərtləndirəcək başlıca amil rolunda çıxış etməkdədir”.

Konfransın sonunda xatirə fotosu çəkdirilib.

Konfrans iştirakçıları Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Daha sonra Yuxarı Gövhərağa məscidi və Saatlı məscidini ziyarət edib, Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Qarabağ” fotosərgisinə və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qurtuluşdan #Zəfərə #adlı #beynəlxalq #konfrans #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu