Regionlarda özəl məktəblər niyə yoxdur?
Azərbaycanda özəl təhsil müəssisələrinin sayı ümumi təhsil sistemi ilə müqayisədə çox aşağı azdır. 2023-2024-cü tədris ilinin əvvəlində təqdim olunan statistik məlumatlara görə, ölkədə 4 422 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların yalnız 34-ü özəl məktəblərdir. Bu məktəblərin böyük əksəriyyəti paytaxt Bakıda yerləşir, bölgələrdə isə özəl təhsil müəssisələrinin sayı olduqca məhduddur.
Müqayisə üçün qonşu Gürcüstanın statistikasına nəzər yetirsək, Gürcüstanda fəaliyyət göstərən 2 296 təhsil müəssisəsinin 210-u özəl məktəbdir. Bu, ölkədəki ümumi məktəblərin təxminən 10%-ni təşkil edir. Azərbaycanda isə həmin göstərici xeyli aşağıdır.
Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov BEY.AZ-a açıqlamasında bildirib ki, dövlət təhsil müəssisələrinin inkişafına verilən dəstək özəl təhsil müəssisələrinə də göstərilməlidir:
“Bu gün dövlət təhsil müəssisələrinin inkişafı üçün müəyyən addımlar atır. Lakin əsasən bölgələrdə dövlət təhsil müəssisələri ilə bağlı rasionallaşma və optimallaşma məsələlərinə ehtiyac var. Hesab edirəm ki, bölgələrdə özəl məktəblərin yaradılmasını təşviq etmək lazımdır. Rasionallaşma həyata keçirmək istəyiriksə, bu, əsas istiqamətlərdən biri olmalıdır. Bununla yanaşı, özəl təhsil müəssisələri də bu məsələdə məsuliyyət daşıyırlar”.
Ceyhun Məmmədov qeyd edib ki, gələcəkdə dövlətin özəl bağçaları qismən maliyyələşdirdiyi kimi, özəl məktəblərin də maliyyələşdirilməsini nəzərdən keçirmək olar:
“Hazırda dövlətin maliyyə yükü böyükdür və bəzi layihələrin həyata keçirilməsi çətinlik yaradır. Bu səbəbdən dövlət qurumları ilə yanaşı, özəl sektorun da bu sahəyə maraq göstərməsi vacibdir. Dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə bölgələrdə özəl məktəblərin yaradılması həm təhsil sahəsində keyfiyyətin yüksəldilməsinə, həm də bölgələrin inkişafına mühüm töhfə verə bilər”.
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini Günel Vahabzadə BEY.AZ-a açıqlamasında bu problemi bir neçə istiqamətdən izah edib:
“Bölgələrdə əhalinin gəlir səviyyəsi şəhərlərə nisbətən aşağıdır. Bu da özəl məktəblərə tələbi olan valideynlərin maliyyə imkanlarını məhdudlaşdırır. Sahibkarlar üçün bölgələrdə investisiya etmək riskli görünə bilər. Çünki oradakı əhalinin gəlir səviyyəsinin aşağı olması, özəl təhsilin əlçatanlığını azaldır. Ümumiyyətlə, maliyyə çətinlikləri səbəbilə bölgələrdə özəl məktəblərə maraq şəhərlərə nisbətən çox azdır”.
Günel Vahabzadə hesab edir ki, özəl məktəblərin açılması üçün yüksək standartlar, infrastruktur və müəllim resurslarına olan tələblər sahibkarlara əlavə yük yaradır. Bu, keyfiyyətli təhsilin təmin olunması üçün böyük maliyyə qoyuluşu tələb edir.
“Bəzi bölgələrdə məktəb tikmək üçün lazımi şərait və infrastrukturların olmaması, bu sahəyə sərmayə yatırmaq istəyən sahibkarları çətinliklərlə üz-üzə qoyur. Rəqəmsal resurslara və müasir texnologiyalara çıxışın məhdudluğu bölgələrdə təhsil keyfiyyətinə mənfi təsir göstərir. Dövlət subsidiyaları və sahibkarlar üçün xüsusi kredit proqramları özəl məktəb açmaq üçün motivasiyanı artırar. Bununla yanaşı, qrant dəstəklərinin verilməsi də məktəblərin maliyyə yüklərini azaltmağa kömək edə bilər.
Müəllimlər üçün xüsusi təlim və peşəkar inkişaf proqramları təşkil olunmalıdır. Həmçinin özəl məktəblərdə işləyən müəllimlərə əlavə maliyyə stimulları tətbiq edilməlidir ki, bu sahədə peşəkarların sayı artsın”.
Günel Vahabzadə qeyd edib ki, yeni açılan özəl məktəblərə ilkin maliyyə dəstəyi verilməsi onların inkişaf etməsini təmin edə bilər. Bu fondlar həmçinin bölgələrdə iqtisadi aktivliyin artmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək:
“Konfranslar vasitəsilə uğurlu məktəb rəhbərləri öz təcrübələrini paylaşa bilər, bu isə yeni metodların və ideyaların yayılmasına şərait yaradar. Panel müzakirələri və seminarlar vasitəsilə təhsil sahəsində innovasiyalar genişlənər. Pilot layihələr vasitəsilə ilkin addımlar test edilməli, bu təşəbbüslərin təsiri tədqiqatlarla qiymətləndirilməlidir. Bölgələrdə özəl məktəblərin inkişafı həm təhsil sahəsinə, həm də yerli iqtisadiyyata böyük fayda verəcək”.
Təhsil eksperti Elçin Əfəndi də düşünür ki, bölgələrdə özəl təhsil müəssisələrinin sayının az olmasının əsas səbəbləri həm iqtisadi, həm də idarəetmə ilə bağlı problemlərdən qaynaqlanır:
“Bölgələrdə özəl təhsil müəssisələrinin sayı demək olar ki, yox səviyyəsindədir. Bəzi böyük rayonlarda belə özəl təhsil müəssisələrinin olmaması bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Dövlət özəl sahibkarlığa müəyyən dəstək göstərsə də, bürokratik maneələr bu prosesin qarşısını alır. Bunun nəticəsində sahibkarlar təhsil müəssisələrinin yaradılmasına maraq göstərmirlər”.
Ekspertə görə, bölgələrdə əhalinin gəlir səviyyəsinin aşağı olması da sahibkarların bu sahədə investisiya etməsinə mane olur:
“Sahibkarlar xüsusən bölgələrdə əhalinin iqtisadi vəziyyətini nəzərə alaraq özəl məktəb layihələrinə maraq göstərmirlər. Bununla belə, dövlət tərəfindən daha geniş dəstək proqramları tətbiq olunsa, bu sahədə inkişaf mümkündür. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə bəzi özəl təhsil müəssisələrində şagirdlərin təhsil haqqının bir hissəsinin dövlət tərəfindən qarşılanması üçün maliyyə vəsaiti ayrılıb. Bu, əhəmiyyətli bir addımdır və bölgələrdə də tətbiq olunsa, özəl məktəblərin yaradılması üçün zəmin yarana bilər”.
Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 1 400-dən çox olsa da, onların yalnız məhdud bir hissəsi, yəni 150-160-ı özəl məktəblərdir. Paytaxt Bakıda belə özəl təhsil müəssisələrinin sayı çox azdır. Bölgələrdə isə bu rəqəm demək olar ki, yox səviyyəsindədir. Elçin Əfəndi qeyd edib ki, iri şəhər və rayon mərkəzlərində belə özəl məktəblərin yaradılması həm əhalinin ehtiyaclarını qarşılayar, həm də şagird sıxlığının azaldılmasına kömək edər.
“Özəl təhsil müəssisələrinin yaradılması sağlam rəqabət mühitinin formalaşması və təhsil sahəsində keyfiyyətin yüksəlməsi üçün vacibdir. Bu məsələni dövlət səviyyəsində təşviq etmək və sahibkarlara geniş dəstək vermək lazımdır. Mövcud bürokratik maneələrin aradan qaldırılması ilə yanaşı, dövlətin maliyyə dəstəyi sahibkarların bu sahədə daha fəal iştirakını təmin edə bilər. Bu yanaşma bölgələrdə özəl təhsil müəssisələrinin inkişafına zəmin yaradacaq və ümumilikdə təhsil sektorunun daha da güclənməsinə səbəb olacaqdır”.
Gülbəniz Hüseynli / BEY.AZ
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |