fbpx

Rusiyada miqrant dalğası dayandırılmasa nə baş verəcək?


Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus Hall”da son terror aksiyasından sonra Rusiyada çalışan Mərkəzi Asiya vətəndaşlarına qarşı siyasət sərtləşib. Siyasi analitiklər düşünür ki, əgər miqrantlar kütləvi şəkildə geri qayıdarlarsa, bu, Mərkəzi Asiya ölkələrinin sosial problemlərini artıracaq.

Bu barədə BEY.AZ-a açıqlama verən sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, şimal qonşumuzun tarixən ölkədə demoqrafik vəziyyətlə bağlı ciddi problemləri olub:


“Rusiyanın paytaxtı Moskva şəhərində baş vermiş terror hadisəsi bu ölkədə artıq on illər boyu demoqrafik durumla bağlı yaşanan problemləri qabarıq bir formada üzə çıxartdı. Hələ Sovetlər dönəminə qədər Rus çarları ölkədə demoqrafik problemlərin həllinə nail olmaq üçün müəyyən addımlar atmaq məcburiyyətində qalmışdılar.

Rusiyadakı demoqrafik durumun problemləri getdikcə dərinləşir. Bu gün – yəni bu fikirləri səsləndirdiyimiz gündə Rusiyada bir sutka ərzində doğulanların sayı 2020 nəfər, ölənlərin sayı isə 2206 nəfər olub – doğulanlarla ölənlər arasında fərq ölənlərin xeyrinə 186 nəfər təşkil edib və ya ölənlər doğulanlardan 9,2% çox olub.

Gəlin bütövlükdə 2023-cü il üzrə bu göstəricilərin vəziyyətinə də nəzər salaq. Rusiyanın rəsmi statistika məlumatlarına əsasən 2023-cü ildə bu ölkədə əhalinin sayı 146 milyon 143 min nəfər olmuşdu. İl ərzində 1 milyon 857 nəfər doğulmuş, 2 milyon 25 min nəfər ölmüşdü. Doğulanlarla ölənlərin arasında fərq, ölənlərin xeyrinə 168 min nəfər təşkil etmişdi ki, bu da ölənlərin sayının doğulanların sayından 9,1% çox olması anlamına gəlir.

Bütün bu göstəricilər ortada olduğu tədqirdə Rusiya rəsmi mənbələri öz saytlarında ölkədə əhalinin artımına dair göstəriciləri dərc edir. Bəs bu artımlar nə hesaba baş verir? Təbi ki, bu artım, Rusiyaya xaricdən, ilk növbədə keçmiş Sovet Respublikalarından və daha çox Orta Asiya Respublikalarından gələn miqrantların hesabına baş verir.

2023-cü ildə Rusiyaya gələn miqrantların sayı 228 min nəfər olmuşdu. Beləliklə, göstərilən ildə Rusiya əhalisinin sayının 168 min nəfər azalmasına baxmayaraq, ölkəyə bir ildə gəlmiş 228 min miqrant hesabına əhalinin təbi artımı 60 min nəfər (228 min – 168 min) təşkil etmişdi. Bir sözlə, Rusiya bu gün özünün demoqrafik durumunu yalnız ölkəyə gələn miqrantların hesabına tənzimləyə bilir”.

Rusiyada bu gün on minlərlə miqrantın mövcud qaydaları kobud şəkildə pozaraq fəaliyyət göstərdiyini qeyd edən ekspert vurğulayıb ki, hakimiyyət bu vəziyyəti düzəltmək üçün qətiyyət göstərə bilmir, çünki miqrantlara göstərilən təziqlər sonda onların ölkəni tərk etməsi ilə nəticələnir ki, bu da Rusiya hakimiyyətinə qətiyyən sərf etmir.

“Son hadisə – “Crocus City Hall”- da baş vermiş terror aktından sonra Rusiya hökuməti ölkədə miqrantlarla bağlı vəziyyəti tənzimləmək üçün addımlar atmaq istəyir. Ancaq hansı addımlar atılacaq? Bu gün Rusiyada bir neçə milyon nəfər işçi qüvvəsi çatışmazlığı fonunda hökumətin bu cür davranışı anlaşılandı. Terror aktının törədilməsində günahkar bilinən tacik əsilli şəxslərin olması, Rusiyada çalışan taciklərin kütləvi şəkildə bu ölkəni tərk etməsi ilə nəticələnməkdədir. Bu durum nə Rusiyaya nə də Tacikstan hökumətinə lazım deyil. Rusyada kommunal xidmətləri sferasında ən ağır işlərdə tacikıkləri əvəz edəcək bir başqa insanlar tapmaq olduqca müşkül bir məsələdi. Hökumət ya həmin işlərdə çalışmaq istəyənlərə taciklərə ödədiyindən 3-4 dəfə çox əmək haqqı ödəməli ya da hər vəchlə taciklərin ölkədə qalmasına şərait yaratmalıdı. Gerçəklər bundan ibarətdir.


Yəni Rusiya hökuməti indi bu məsələnin həllində pat durumundadı. Taciklərin Rusiyanı tərk etməsinin nəticələrini Rusiya telekanalları vastəsilə nümayiş etdirilən kadrlarda da görmək mümkündür. Məişət tullantılarının bəzi şəhərlərin mərkəzində belə günlərlə daşınmaması rus insanlarının ciddi narahatlığına səbəb olur.

Əslində miqrantların Rusiyanı tərk etməsi prossesi Rusiyanın Ukraynaya hücumundan sonra başlamışdı. Müharibə başladıqdan sonra rus rubulunun kəskin ucuzlaşması səbəbindən miqrantlar möhkəm valyuta hesabı ilə əvvəlkindən daha az qazanc əldə edirlər. Təbi ki, onlar qazandıqları pulun bir hissəsini vətənlərinə, öz doğmalarına göndərirlər. Digər tərəfdən miqrantları bəzən haqsız olaraq yığıb cəbhəyə göndərirlər ki, bir çoxları da bu səbəbdən Rusiyanı tərk edirlər”.

Fikrət Yusifov qeyd edib ki, Rusiyada bir qədər fərqli aqibəti azərbaycanlılar yaşayır:

“Bizim həmyerlilərimiz Rusiyada əsasən ticarətlə məşğul olsalar da rus rubulunun ucuzlaşması səbəbindən onlar da ciddi problemlərlə üzləşirlər və bəzilər geriyə, Azərbaycana qayıdırlar”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu