Şəhidin yoldaşından təsirli paylaşım: “Biz birlikdə qocalmadıq”
Vətən müharibəsi şəhidi Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadənin həyat yoldaşı ilə bağlı paylaşım edib.
Metbuat.az xəbər Qasımzadənin həmin paylaşımını təqdim edir:
“Sonra nə oldu deyə düşündüm. 3 il….. Yoxluğunun 3 ili. Düşünmədim….hər şey başqa cür ola bilərdi. Bir fincan çay alıb oturdum, evliliyimizin 3 ilini düşündüm. O 3 ilin mənə bəxş etdiyi xoş günləri. 3 ilimizde həmin gün işdən tələsik gəldiyini, sanki unutmuş kimi davranmağını. Bir bəhanə ilə gedib hədiyyə axtardığını, sonra Mingəçevirdə ən sevdiyin yerdə kürün sahilində qeyd etdiyimiz günü. Aldığın hədiyyəni ( iki qoşa fincani), hansı ki saxla mütləq qocalanda çay içərik demişdin. Biz birlikdə qocalmadıq, amma onlar hələ də qoşa olduğunu kimi qalıb qutusunda. Bütün hədiyyələrə anlam yükləyirdin deyə düşünürəm son bir ildə. Niyə? Çünki bilirdin hər şeyi. Daha küsmürəm, incimirəmdə səndən. Düşünmürəm ki, niyə mənə demirdin olacaqları. Bəzi şeylər var ki, demək olmur axı ən doğmana da. Mən yaşaya- yaşaya öyrəndim bunu 3 ildə. Hər şey bu gün kimidir. Xatırlayıram hələ. Demək ki yaşayıram. Xatirələr… Onlar mənimlədir. İllər məni səndən uzaqlaşdırır, həm də sənə yaxınlaşdırır deyə düşünürəm. Şəkilləri axtarıram 2012-dən 2020-yə qədər. Hər şey dünən kimidir. Səslərini dinləyirəm. Hər sözünə necə üz ifadəsi alırdın hamısını xatırlayıram. İl 2020. Sonra nə oldu? Sonra son yazdığın qeydləri oxuyuram, 26.09.2020….. Son cümləsi belədir: “3 qırmızı fişəng atmaq” mühasirədəyik deməkdir. Düşünürəm….
-O an nə etdin nə düşündün deyə fikirləşirəm. Kaş ki, deyilənlər kimi olsun deyə dua edirəm… Bir anda…. Heç ağrı hiss etməmiş ol. Fincanın üstündə şəklin gülümsəyir, divardakı şəklin isə çox məyusdur.Bir an indi hansı ildi, hansı aydır deyə düşünürəm. 3 il keçib, 3 dəqiqə kimi. Bəlkə də yuxudur, pis yuxu… saat yeddiyə işləmiş saatın zəngi çalacaq mən oyanıb səni işə yola salacam”.
Şəhidin yoldaşı sözlərinə belə davam edib:
“Tez-tez qəribə yuxular görürdüm o zaman, hamısı çin oldu. İndi də görürəm ya deyirsen az qaldı gəlirəm, ya da gelirsen bəzən də sənə zəng çatır və danışırsan. Mən sənin yoxluğun haqqında danışmaq istəmirəm daha. Hər dəfə necə getdi sualına cavab vermək istəmirəm. Səni mən o suallarla hər dəfə itirmək istəmirəm. Ondan sonra deyə başlayan cümlələr qurmaq istəmirəm. Sonra nə oldu sualını duymaq istəmirəm. O zaman demək istəmirəm…
Bu cümlələri ilk dəfə qururam. Bəli, mən 3 il əvvəl sənin içində olduğunu o zaman heç düşünmədiyim, bayrağa bükülü tabutunu qarşıladım, səni ziyarətə getdim, ruhuna dualar oxudular. Ad günlərində tort əvəzinə halva bişirdik, biri rəhmət oxuyanda özümü duymamış kimi apardım. Çünki mən səndən sonra nə olacağını düşünmək, yaşamaq istəmirdim hec. O sonra yox idi mənim üçün. Sonra nə oldu sualı heç vaxt olmamışdı. Mən varlığınla yaşayıram. Mən bu gündə sabah da iller keçsə də sənin yolunu gözləyirəm. Ya tanış bir küçədə ya bir parkın skamyasında, bəlkə bir dayanacaqda. Bəlkə də səni işə yola saldıqdan sonra evə qayıtmağını gözlədiyim pəncərə önündə…
3 deyil, 300 il də keçsə mənim üçün “Şöhrətlə birlikdə”‘ deyə başlayan cümlələr qurulacaq. Diş fırçandan tutmuş asılqandakı paltarının yeri dəyişməyəcək. Muradla İlayda evdə bir şey axtaranda o şey ya atanın şkafında olacaq, ya atanın paltarlarının yanında, ya da atanın çəkməcəsində”.
Qeyd edək ki, Şöhrət Qasımov “Vətən uğrunda”, “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Vətənə əmanət 2 övladı – 1 oğlu, 1 qızı qaldı .