fbpx

Sosial şəbəkələrdə uşaqlar haqqında informasiya yayımının şərtləri

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən məqaləmizdə məlumat verdik ki, ənənəvi KİV-lərdə uşaqlar haqqında informasiya yayımının çərçivəsi qanunlarla müəyyənləşir. Qanunvericilikdə bu istiqamətdə xeyli qoruyucu mexanizmlər yaradılmışdır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu, “Media haqqında” Azərbaycan Respublikasının qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu, o cümlədən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmağı, lazımi anda məhdudiyyətlər tətbiq olunmasını şərtləndirir.

“Media haqqında” Qanuna əsasən, internet informasiya resurslarından yayılan məlumatlar da KİV məhsulu hesab edilir. İnternetdə media funksiyasını icra edən bütün onlayn media subyektləri yuxarıda nəzərdə tutulan qanunvericiliyin tələblərinə əməl etməlidirlər. İstər azadlıqlar və funksiyalar, istərsə də məsuliyyət eyni olaraq ənənəvi mediaya tətbiq edildiyi kimi, internet mediaya da tətbiq edilə bilər. Lakin müəyyən fərqli tənzimləmələrin olduğunu da vurğulamaqda fayda var.

Nəzərə almaq lazımdır ki, 2013-cü ildən başlayaraq, ənənəvi KİV-də informasiya yayımı üçün nəzərdə tutulmuş şərtlərin internet informasiya resurslarına da şamil edilməsi üçün addımlar atılır. 2013, 2015 və 2016-cı illərdə həm Cinayət Məcəlləsinə, həm də Mülki Məcəlləyə bu yöndə əlavə və dəyişikliklər edilib. Bütün bunlar göstərir ki, KİV-lərdə yayımına qanunla məhdudiyyət qoyulan informasiyaların internet informasiya resurslarında, o cümlədən, sosial şəbəkə platformalarında yayımı da eyni formada məhdudlaşdırılır. Bu dəyişikliklər uşaqlar haqqında informasiya yayımının şərtlərini də əhatə edir. Bu kontekstdə “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında” Qanuna xüsusi yer tutur.

Rüya tabirlerini burdan oku

10 mart 2017-ci ildə “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında” Qanuna yeni bir fəsil əlavə edildi. Bu fəsildə informasiya-kommunikasiya texnologiyalarının xüsusiyyətləri nəzərə alınaraq, müəyyən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Belə ki, Qanuna əlavə edilən 13-2.3-cü maddədə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılmasına yol verməməlidir. Bu məlumatlar yayılması qadağan edilən informasiyalardan hesab edilir və müəyyən məsuliyyət yaradır. Belə məlumatları yerləşdirən saytlar 8 saat içərisində xəbərdarlıq edilərək, onları yığışdırmasalar, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bloklanacaqlar və dərhal məhkəmədə onların bağlanmasına dair şikayətə baxılacaq. Məhkəmə də bu istəyi haqlı görərsə, saytlar bloklana biləcək.

Ayrıca Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1-ci maddəsi uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamanı cinayət əməli hesab edir, bu əməllərə görə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutur. Əgər bu əməllər təkrar törədildilərsə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildilərsə, xeyli miqdarda gəlir əldə etməklə törədilərsə və ya yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədilərsə, təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilərsə, cəzalar daha da ağırlaşaraq, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsi uşaq pornoqrafiyası anlayışını da açır. “Uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür.

Yeri gəlmişkən qeyd edək ki, Cinayət Məcəlləsinin 152-ci maddəsi On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməni də üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırır. Həmin əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədilərsə verilən cəza daha da ağırlaşdırılaraq üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildilərsə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd etmək lazımdır ki, bu məsuliyyətin tətbiq edilməsi üçün əməli törədənlə cinayətə məruz qalan arasında ən az 2 yaşdan artıq fərq olmalıdır.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən, Murad Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA

DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sosial #şəbəkələrdə #uşaqlar #haqqında #informasiya #yayımının #şərtləri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu