Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.
Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.
Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.
Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.