Təhsilli gənclik işıqlı gələcəkdir – Ülkər Əsədova
BEY.AZ informasiya agentliyi xəbər verir
“25 il ərzində nəsillər də dəyişib, Azərbaycan da dəyişib. Bizdən sonra gələn nəsillər tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərək biz inamla irəliyə gedə bilərik”.
Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkə gəncliyi qarşısındaetdiyi çıxışında söylədiyi bu fikirlərbirtarix müəllimi, Azərbaycan gənci kimi məni çox düşündürdü. Əslində Prezident İlham Əliyevin bu çıxışını gəncliyə bir tarix dərsi də adlandırmaq olar. Ölkə başçısı Gənclər Forumunda bütün rəsmilikləri kənara qoyaraq gənclərlə ürəkdən həmsöhbət oldu, ölkəmizin gələcəyi ilə bağlı onu narahat edən məsələləri dilə gətirdi, çox məqamlardan xəbərdar etdi. Maraqlı nüanslarla zəngin olan forumda İlham Əliyevin fəxrlə dediyi: “Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər” fikri diqqətimi daha çox cəlb etdi.
Mən ölkə başçımızın da vurğuladığı kimi, belə bir ölkənin vətəndaşı olmağımla fəxr edir, qürur duyuram. Sevinirəm ki, vətəndaşı olduğum Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm iqtisadi güc mərkəzi, həm də güclü orduya sahib qüdrətli ölkə kimi dünyada etibarlı tərəfdaşa çevrilib və bu gün ölkəmiz əksər dövlətlərlə hərtərəfli əməkdaşlıq edir. “Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək”- Ali Baş Komandanın bu qətiyyətli fikirləri biz gənclərə stimul verdi, uğurlu, düzgün yol, istiqamət göstərdi, öhdəmizə böyük vəzifələr qoydu. Prezident Forumda birmənalı olaraq bildirdi ki, gənclər ancaq milli maraqları, milli dəyərləri, müstəqilliyimizi qorumaqla Azərbaycanı uğurlu gələcəyə apara bilərlər: “Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram – real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq”.
Bir tarixçi müəllim kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsindəki böyük Zəfərimiz Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirməklə bərabər, ölkəmizin regional müstəvidə güc mərkəzinə çevrildiyinin də nümayişi oldu. Biz şahid olduq ki, bu uğurların təməlində İlham Əliyevin yürütdüyü müstəqil siyasət, uğurlu inkişaf strategiyası və xalq-Prezident birliyi dayanır.
Bu gün təhsil ocağımızda da uğurla həyata keçirilən hərbi vətənpərvərlik tərbiyəsi qəhrəman övladların yetişməsində mühüm rola malikdir. Bu bir faktdır ki, Vətən müharibəsində qazanılan Qələbənin kökündə dayanan əsas amillərdən biri də Azərbaycan gənclərinin vətənə, torpağa bağlılığı idi. Müharibənin ilk günündən gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdılar və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər sevincini xalqımıza yaşatdılar.
Bu Zəfər isə asan yolla qazanılmadı. Ağrılı da olsa xatırlamalıyıq ki, ötən əsrin 90-cı illərində Birinci Qarabağ savaşında 10 mindən çox gəncimiz canından keçdi, 30 minə yaxını əlil oldu. Aprel döyüşləri və 44 günlük müharibədə 3 minə yaxın gəncimiz şəhidlik zirvəsinə yüksəldi. 10 minə yaxın gənc müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bir tarixçi müəllim olaraq tədris prosesi zamanı və dərsdən kənar məşğələlərdə bütün bunlar barədə danışır, şəhidlərimizin müqəddəs xatirəsini daima ehtiramla yad edir, onların igidlikləri barədə gənc nəslə məlumat veririk. Bildiririk ki, bu tarixi Zəfər Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun necə yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayişidir.
Ali Baş Komandanımızın sözləri ilə desək, Qarabağı azadlığa qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından sonra dünyaya gələn gənclər idi. Qarabağı görmədən onun həsrətini yaşadı və işğaldan qurtulması üçün qorxmadan qanlı mübarizəyə atıldı: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, İlk növbədə, biz onlara borcluyuq. Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir gənclərlə bağlı səsləndirdiyi digər fikirdə də bu, bir daha öz əksini tapır: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləriöz müsbət nəticəsini vermişdir. Ölkəmizdə aparılan gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Təhsilli gənclər ölkəmizə işıqlı gələcək vəd edir. Onların yetişdirilməsi, düzgün tərbiyəsi isə biz pedaqoqların ali vətəndaşlıq borcudur və biz bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq.
Ülkər Əsədova
Füzuli rayon 5 nömrəli tam orta məktəbin tarix müəllimi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.