Trampa sui-qəsd edən şəxslə bağlı yeni faktlar açıqlandı
FTB keçmiş prezident Donald Trampa qarşı sui-qəsd təşkil edən 20 yaşlı Tomas Metyu Kruksun internet keçmişini açıqlayıb.
BEY.AZ bildirir ki, onun təkbaşına hərəkət etdiyini və heç bir xarici müdaxilə əlamətinin olmadığını bildirib. Bununla belə, çərşənbə günü açıqlama verən FTB rəsmiləri sui-qəsd cəhdinin səbəbinin hələ məlum olmadığını vurğulayıblar.
FTB-nin Pittsburq ofisinin rəhbəri Kevin Rojek bildirib ki, Kruks 2023-cü ilin sentyabrından başlayaraq Trampın kampaniyası ilə bağlı tədbirləri onlayn axtarmağa başlayıb.
Hücum edən şəxs həm Trampın, həm də hadisə zamanı hələ də Demokratların namizədi olan prezident Co Baydenin məlumatlarını axtarıb. O, həm Respublikaçıların, həm də Demokratların milli qurultaylarının keçirildiyi yerlərə baxıb.
Hadisədən bir gün əvvəl 20 yaşlı gənc ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı da araşdırma aparıb. O, sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın keçmiş prezidentdən nə qədər uzaq olduğunu araşdırıb.
Kruks Trampın tədbirdə harada çıxış edəcəyi ilə bağlı suala da cavab axtarıb. Səlahiyyətlilər bildiriblər ki, hücumçunun internet axtarış tarixçəsi də onun bomba hazırlama təlimatları və materialları tapmağa çalışdığını göstərir.
FTB daha əvvəl demişdi ki, Kruksun ziddiyyətli ideoloji baxışları əks etdirən ən azı iki sosial media hesabı var. Bu hesabların məzmunu açıqlanmayıb.
Qeyd edək ki, iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə Kruks keçmiş prezidenti güllələməyə çalışıb. Bir nəfərin ölümü, ikisinin isə ağır yaralanması ilə nəticələnən hücumda güllə Trampın qulağına dəyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |