Üçüncü Dünya Müharibəsi başlaya bilərmi?
BEY.AZ informasiya agentliyi xəbər verir
Fevralın 24-dən etibarən Rusiya Ukraynaya müharibə elan edib və hərbi toqquşmalar davam edir. Müharibə başlayandan bəri yüzlərlə insan həyatını itirib, 500 mindən çox ukraynalı ölkəni tərk edərək qonşu ölkələrə sığınıb.
Bu müharibədə əksər ölkələr Ukraynanın haqlı olduğunu bildirsə də, əksini düşünənlər, hətta Rusiyanı açıq müdafiə edənlər də var. Dünyanın uzun illər sonra dilemma qarşısında qalması Üçüncü Dünya müharibəsinin başlaması haqqında fikirlərin formalaşmasına gətirib çıxarır. Belə bir müharibənin başlamaması üçün faktiki addımlar atılsa da, Rusiya-Ukrayna müharibəsi fonunda baş verə biləcək 3 hadisənin Üçüncü Dünya müharibəsi ilə nəticələnə biləcəyini düşünmək olar:
1. Finlandiya və İsveçin NATO-ya üzvlüyü
Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükə yaratdığı vaxt NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib. Düzdür, İsveç Xarici İşlər Nazirliyi açıqlamasında “Bizim təhlükəsizlik siyasətimiz aydındır. Biz NATO-nun yaxşı və güclü tərəfdaşı olmaq istəyirik, lakin alyansa qoşulmaq niyyətində deyilik”, – desə də, Finlandiya Baş naziri Sanna Marin bu haqda “Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var”, – deyib.
Göründüyü kimi, İsveçdən fərqli olaraq Finlandiya NATO-ya üzvlükdə israrlıdır. Onu da qeyd edim ki, hər iki ölkə “soyuq müharibə” dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etməyib. İsveç 1814-cü ildən, Finlandiya da 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır.
Rusiya tərəfinin isə məsələyə münasibəti həmişəki kimi sərt və birmənalıdır. Misal üçün, Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”. Nəzərə almaq lazımdır ki, Kreml bənzər açıqlamanı Ukrayna ilə bağlı vermişdi və nəticədə fevralın 24-dən etibarən Rusiya Ukraynaya müharibə elan edib.
2. Çinin Tayvana hərbi müdaxiləsi
Ötən gün Çin Xalq Azadlıq Ordusuna aid 8 döyüş təyyarəsi Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənləşdirmə Bölgəsi” elan etdiyi əraziyə daxil olub. Tayvan Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında təyyarələrə xəbərdarlıq edildiyi, hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemləri ilə müşayiət edildiyi bildirilib. Aydın məsələdir ki, Çin uzun zamandır öz ərazisi olaraq gördüyü Tayvan adasını ələ keçirmək üçün lazımi siyasi vəziyyətin yaranmasını gözləyir. Rusiya-Ukrayna müharibəsinin başlaması və ABŞ Qərbin diqqətinin müharibəyə yönəlməsi Çinin gözlədiyi fürsəti yaradıb. Çinin Tayvan adasına hərbi müdaxilə edib etməyəcəyi hələlik məlum olmasa da bu hal qarşısında adanı qoruyan ABŞ-nin rəsmi Pekinə cavab aksiyası həyata keçirmək məcburiyyətində qalacağı dəqiqdir.
Çinin Tayvana hərbi müdaxiləsinə ABŞ-nin müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaq. Çünki Çinin Tayvanı ələ keçirməsi bu 3 ölkənin təhlükəsizliyinə də ciddi xələl gətirəcək. Çinin isə müttəfiqləri çox deyil. Strateji tərəfdaşı Rusiya isə uzaq Tayvan adasında Amerikaya qarşı müharibəyə başlamayacaq.
3. Yaponiyanın Kuril adaları iddiası
Fevralın 28-də Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Hideki Uyama Yaponiya parlamentində müzakirələr zamanı bildirib ki, “Şimal əraziləri” (Tokioda Kuril adalarının cənub hissəsi belə adlanır – red.) Rusiya tərəfindən işğal olunub və biz hesab edirik ki, bu, beynəlxalq hüquqa ziddir. Rusiya hazırda Ukraynaya hücum etməklə hüquqa zidd davranışını davam etdirir”.
Hideki Uyamanın Rusiyanın Ukraynaya hücum ilə Kuril adalarının cənub hissəsinin işğalı arasında paralellik aparması təsadüfi deyil. Məsələ ondadır ki, son illərdə Yaponiya hakimiyyəti Kuril adaları ətrafındakı vəziyyəti təsvir edərkən “işğal” ifadəsindən istifadə etməkdən çəkinirdi və “Yaponiyanın suverenliyi bu adalara da şamil edilir” bəyanatı ilə məhdudlaşırdı. İlk dəfə olaraq Yaponiya hökuməti Rusiyanı işğalçılıqda ittiham edib.
Rəsmi Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya müharibəsinin nəticələrindən sonra sülh sazişi hazırlamaq üçün danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılığıdır.
Müharibə bitdikdən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilmişdi, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adaların mülkiyyətində mübahisə edir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi müvafiq beynəlxalq hüquqi formaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyinin şübhəsiz olduğunu dəfələrlə vurğulayıb.
Yaponiya tərəfi hazırda faktiki olaraq Rusiyanın Ukraynanı işğal etdiyini deyərək Kuril adaları uğrunda ehtimal hərbi münaqişəni legitimləşdirməyə çalışır. Mümkündür ki, Tokionun bu tələbləri Rusiya-Ukrayna müharibəsi sonrası daha da arta, hətta tərəflər arasında gərginlik lokal hərbi toqquşmalar ilə müşahidə oluna bilər. Yaponiya istər birinci rus-yapon müharibəsi gedişində, istərsə də İkinci Dünya müharibəsi illərində Rusiyanın ən zəif məqamını gözləmiş və müharibəyə başlamışdır. Qərbin sanksiyaları və Ukrayna ilə müharibədə Kremlin iqtisadi baxımdan zəifləyəcəyini nəzərə alsaq, bu, Tokio ilə Moskva arasındakı güc balansının yenidən dəyişəcəyini göstərir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin siyasi şərhçisi Turan Rzayev
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.