“Ucuz mənzil tapmaq mümkün olmayacaq”
BEY.AZ informasiya agentliyi xəbər verir
Ali məktəblərə qəbul olan tələbələri ən çox düşündürən suallardan biri də təhsil alacaqları müddətdə harada və necə qalacaqlarıdır. Bəzi hallarda isə kirayə mənzillərin baha olması tələbələri çıxılmaz vəziyyətə salır. Hətta bu səbəbdən təhsildən yayınanlar da olur.
Mövzu barədə Metbuat.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, vaxtilə məcburi köçkünlərin yaşadığı, hazırda isə boşalan yataqxanaların yenidən istismara hazır vəziyətə gətirib tələbələrə vermək olar:
“Torpaqlarımız azad olunduqdan sonra əksər yataqxanalarda yaşayan köçkünlər dövlətimiz tərəfindən mənzillə təmin olundu. Həmin yataqxanalar isə yaşayış üçün yararlı olmamaqla bərabər, böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Onların torpaq sahələrində daha müasir, hündürmərtəbəli infrastruktura cavab verən tələbə yataqxanaları tikmək olar. Tələbələrin böyük əksəriyyətinə həmin binada minimal ödənişlə mənzillər kirayə verilə bilər. Nəticədə, həm ali təhsil müəssisəsinə külli miqdarda gəlir gələcək, həm də tələbələrin kirayə mənzillər axtarmaq problemi həllini tapacaqdır”.
Elnur Fərzəliyev qeyd etdi ki, əgər bu məsələ həll olunarsa, kirayə bazarındakı bəzi problemlər aradan qalxacaq:
“Hər il on minlərlə tələbə paytaxta axın edir. Bu da kirayə bazarında qiymətlərə təsir edir. Əgər onlar yataqxanalarla təmin olunsa, kirayə mənzillər tələbələrdən azad olunacaq, müştəri qıtlığı yaşanacaq və beləliklə qiymətlər aşağı enəcək. Kirayə bazarında qiymətlərin aşağı düşməsi mənzillərin satış qiymətinə də təsir edəcək. Satış dəyəri 100 min manata olan mənzilin onun kirayə qiyməti aylıq 500 manatdan hesablanır. 2016-cı ildən başlayaraq, Bakı şəhərində Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə istismar müddətini bitirmiş binaların söküntüsünə başlanılıb. Bundan başqa, fərdi həyət evlərindən ibarət olan ərazilər – Sovetski, Papanin, Kubinka sökülməyə başladı. Əvvəllər həmin ərazilərdən 200 manata kirayə evlər tapmaq olurdu. Köhnə binalar söküləndə həmin binada olan kirayə mənzillər kirayə bazarından çıxmış olurlar. Tikintisi bitənə kimi köhnə binada yaşayan sakinlər sökülmüş evlərinin yerinə yeni evlər tikilənə qədər kirayə çıxmalı olurlar. Onlar da tutduqları kirayə mənzili də 2-3 il müddətində bron edirlər. Vəziyyət bu sürətlə davam edərsə, yaxın 10-15 il ərzində Bakı şəhərində ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq. Ona görə də, tələbə yataqxanalarının fəaliyyətinin bərpası bu problemi müəyyən qədər həll edə bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ucuz #mənzil #tapmaq #mümkün #olmayacaq