Ukraynadan Azərbaycana gələn, koronavirusa yoluxan hamilə qadın xilas edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya–Ukrayna münaqişəsi səbəbilə yaşadığı Xarkov şəhərindən çətinliklərlə 9 günə Azərbaycana yol gələn və vətənə çatar-çatmaz koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hamilə qadının və körpəsinin həyatını Kliniki Tibbi Mərkəzin (KTM) həkimləri xilas edib.
Metbuat.az-ın məlumatına görə, Mərkəzin mama-ginekoloqu Şölə Səfərova bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub.
O qeyd edib ki, hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi:
“Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi. Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu səbəbdən də evə buraxılırlar”.
1985-ci il təvəllüdlü ana mart ayının 17-də KTM-ə yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün yaranmış təhlükə aradan qalxmadığından vaxtından əvvəl doğuşa qərar verilib və qadın təcili əməliyyata götürülüb.
Qeyd edək ki, ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.