Ukraynanın taleyi Paşinyanı QORXUDUR: İrəvan belə sınağa hazır deyil
BEY.AZ informasiya agentliyi xəbər verir
“44 günlük müharibədən sonra Paşinyanın regional siyasətində yeni xətt, əməkdaşlığa meyillik müşahidə olunur. Bu mənada onun yekun sülh sazişinə hazır olması barədə səsləndirdiyi bəyanat gözlənilən idi. Sadəcə baş nazir bir müddət xalqı buna hazırladı”.
Bu fikirləri Metbuat.az–a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib. Ekspertin şərhinə görə Ermənistan hakimiyyətinin bölgə ilə bağlı hazırkı konstruktiv mövqeyində, şübhəsiz ki, Türkiyə ilə təmaslar, əlaqələr də mühüm rol oynayır.
Ümumiyyətlə, Paşinyanın məhz Rusiya – Ukrayna müharibəsi əsnasında belə bir addım atması təsadüfmü yoxsa zərurətdən irəli gəldi?
“Paşinyanın bu bəyanatı məhz indi, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda səsləndirməsi, yəqin ki, təsadüfi deyil. Görünür, o, əvvəlcə Qazaxıstanda, sonra da isə Ukraynada yaşanılanların gələcəkdə postsovet məkanındakı digər ölkələrə, o cümlədən Ermənistanın başına gətirilə biləcəyini anlayır. Nikol rəsmi İrəvanın bu sınaqdan çıxa bilməyəcəyini bilir. Ona görə də indidən xarici siyasətində müəyyən dəyişikliklər etmək istəyir”.
Kənan Novruzov qeyd etdi ki, böyük ehtimalla Ermənistan nümayəndələri Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcəklər. Həmin sammitdə Azərbaycan və Türkiyə nümayəndələri ilə ikitərəfli və ya üçtərəfli görüşlərin keçirilməsi mümkündür. O müzakirələr isə Ermənistanın regionla bağlı siyasətinində daha qətiyyətli davranmasında mühüm rol oynayacaq. Güman ki, əməli addımlara da məhz o toplantıdan sonra start veriləcək.
Bəs Ermənistan müxalifətinin Paşinyanın bu addımına münasibəti necə olacaq? Gözlənilməz təxribatların baş verməsi mümkündürmü?
“Ermənistan müxalifəti əlaqələrin bərpasını istəmir. Ona görə də yaxın günlərdə təxribatların təkrarlanması, daxildə etiraz aksiyalarının baş verməsi gözləniləndir. Rusiyaya gəldikdə isə, ola bilsin, Putin regionla bağlı ambisiyalarını müvəqqəti olsa da müəyyən mənada azaltsın və sülh müqaviləsinə ən azı hələlik qarşı olmasın. Bu, Ukrayna ilə aparılan savaş və Kremlin beynəlxalq aləmdə təklənməsi ilə bağlıdır.
Hər halda müharibənin davam etməsi fonunda, Moskvanın zəifləməsi regiondakı sabitlik baxımından əhəmiyyətlidir. Cənubi Qafqazın taleyi xeyli dərəcədə bu hərbi əməliyyatların nəticəsindən asılıdır. Rusiya uduzsa, region rahat nəfəs ala biləcək, əks halda isə təzyiqlər bir az da artacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.