Ürək-damar xəstəliklərinin inkişafına nələr səbəb olur?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Xroniki böyrək çatışmazlığı, kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar xəstəlikləri baxımından risk artmış olur”.
Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev deyib.
“Kardiovaskulyar xəstəliklərin yaranması yalnız bir səbəbdən olmur. Ona görə də bəzi risk faktorları ürək-damar xəstəlikləri üçün təhlükəni artırır. Belə ki, xroniki böyrək çatışmazlığı, kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar xəstəlikləri baxımından risk artmış olur. Bununla yanaşı, xolesterol səviyyəsinin yüksək olması, piylənmə və depressiya kardiovaskulyar xəstəliklər üçün risk daşıyan patologiyalardandır. Bu səbəbdən də risk faktorları 2 qrupa bölünür – modifikasiya oluna bilən və oluna bilməyən. Modifikasiya oluna bilən faktorlara aiddir: yüksək total xolesterol səviyyəsi; hipertenziya; diabet; pəhrizə riayət olunmaması və piylənmə; siqaret və alkoqol istifadəsi; fiziki passivlik. Modifikasiya oluna bilməyən faktorlara isə ailə (irsi) anamnezi, cins və yaş göstəricisi aiddir”,- deyə o vurğulayıb.
Kardioloq uşaqlarda daha çox rast gəlinən ürək xəstəliklərindən də danışıb. O deyib ki, uşaqlarda ürək xəstəlikləri bu qrupları əhatə edir: anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri; aritmiya:
“Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir”.
Fərid Əliyev qeyd edib ki, bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsadüf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir:
“Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır. Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər”, – o əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.