Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verdi
Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib.
BEY.AZ bildirir ki, Vəkillər Kollegiyasının uğurlu layihələrindən hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin müvafiq sahələrdəki təcrübələrinin tələbələrə ötürmələrinə şərait yaradacaqdır.
Belə ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif təşkilatlarla əlaqələrin qurulması prosesi ilə tanış olmalarından ibarətdir.
Layihə sayəsində, xüsusən, Vəkillər Kollegiyasının iş prinsipi ilə ətraflı tanış olan tələbələr həm də mövcud məhkəmə praktikası üzrə lazımi biliklərə, eyni zamanda müvafiq praktiki məlumatlara yiyələnəcəklər. Bu layihənin onların gələcək peşə fəaliyyətlərini müəyyən etmələrində xüsusi rolu olacaqdır.
Bununla belə, layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir. Layihə üzrə təşkil olunması planlaşdırılan təlimlərə təcrübəli hüquqşünaslar, o cümlədən professorlar, hakimlər və vəkillər cəlb ediləcəkdir.
Qeyd edək ki, Vəkillər Kollegiyası ilə respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.
Eyni zamanda bildirmək istərdik ki, Kollegiya hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Belə ki, Vəkillər Kollegiyasının dəstəyi ilə hər il 300-dən çox tələbənin qatıldığı yay və qış hüquq məktəbləri təşkil olunur, yüzlərlə tələbə vəkil qurumlarında təcrübə keçir, o cümlədən onlara fərdi təqaüdlər verilir və hüquq fakültələrinin layihələrinə sponsorluq edilir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |