Vəkillər Kollegiyasının sədri və əməkdaşları beynəlxalq konfransda məruzələrlə çıxış edib
Cari il avqust ayının 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Elnur Hümbətov, eyni zamanda İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Leyla Həşimova və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Elnarə Mirzəyeva İstanbul Universiteti – Cərrahpaşada təşkil olunmuş “The 9th Conference on Control and Optimization with Industrial Applications – COIA-2024” konfransında onlayn məruzələrlə çıxış ediblər.
BEY.AZ xəbər verir ki, professor Əmir Əliyevin moderatorluğu ilə keçirilən konfransın bölmə iclasında ARVK əməkdaşlarının bu tip beynəlxalq tədbirlərdə iştiraklarına həssaslıqla yanaşıldığını qeyd edən Kollegiya sədri Anar Bağırov mərasimin təşkilinin Azərbaycan elminə xüsusi töhfə olduğunu bildirib.
Eyni zamanda sədr Azərbaycan tərəfindən bu istiqamətdə görülən işlər və Vəkillər Kollegiyasının yeni layihələrindən olan “Elektron order”, o cümlədən peşəkar hüquqi yardımın səmərəliliyinin artırılması istiqamətində keçiriləcək layihələrin yeni texnologiyalardan istifadə edilərək təşkil edilməsi barədə məlumat verib.
Həmçinin “Hüquqi yardım sahəsində yeni texnologiyalardan istifadənin xüsusiyyətləri və istiqamətləri” mövzusunda ətraflı çıxış edən Anar Bağırov mövzu üzrə aktual məsələlərə və həlli tələb olunan problemlərə toxunub.
Daha sonra hüquq elmləri doktoru, professor Əmir Əliyev və hüquq üzrə fəlsəfə doktoru Leyla Həşimovanın “Mədəni irsin rəqəmsallaşdırılması: kompleks hüquqi təhlil”, Mələkxanım Rəhimovanın “Rəqəmsal informasiya cəmiyyətində kommunikasiya layiqli psixi sağlamlıq hüququ kimi”, hüquq üzrə fəlsəfə doktoru Elnur Hümbətovun “Virtual məkanda fərdi məlumatların təhlükəsizliyinin təminatı”, hüquq üzrə fəlsəfə doktoru Elnarə Mirzəyevanın “Vətəndaş cəmiyyəti və yeni texnologiyalar: e-vətəndaş cəmiyyətinin formalaşdırılması” mövzularında məruzələri dinlənilib.
Məlumat üçün bildiririk ki, konfrans 27-29 avqust tarixlərində keçirilib. Konfransın 27 avqust tarixində təşkil edilmiş plenar iclasında Türkiyə Böyük Millətlər Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Ağrı İbrahim Çeçen Universitetinin Riyaziyyat kafedrasının professoru Ahmet Ocak Akdemir və başqaları çıxışlar ediblər.
Qeyd edək ki, konfrans Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul Universiteti – Cərrahpaşa, Ağrı İbrahim Çeçen Universiteti və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |