fbpx

Xaricdə yaşayan alimlərimiz bir araya gəldi



Bu gün Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun açılış mərasimi keçirilib.

BEY.AZ xəbər verir ki, forum Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirə 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ölkəmizin müxtəlif elm ocaqlarında çalışan alim və professorlar, nüfuzlu ali məktəblərin rektorları qatılıb.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, AMEA-nın prezidenti İsa Həbibbəyli, ADA Universitetinin rektoru Hafiz Paşayev və bir sıra ictimai xadimlər, ziyalılar iştirak edib.

Akademik Rafael Hüseynovun moderatorluğunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciətini oxuyub. Müraciətdə dünyadakı azərbaycanlı alimlərin fəaliyyəti yüksək qiymətləndirilib və forumun işinə uğurlar arzulanıb.

Daha sonra ölkəmizdə elm və təhsilə qayğını, diasporumuzun bu sahədəki rolunu əks etdirən videoçarx nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları təbrik edib, forumun əhəmiyyətindən, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin şəbəkələşməsinin üstünlüklərindən danışıb və qeyd edib ki, biz hər zaman alimlərimizin birgə fəaliyyət imkanlarının genişlənməsinə dəstək verməyə hazırıq.

Elm və təhsil naziri Emin Əmirullayev forum iştirakçıları ilə Azərbaycanın ali və orta məktəbləri kollektivlərinin görüşlərinin təşkilinin faydalı olacağını, forumun alimlərimizin şəbəkələşməsində əvəzsiz rol oynayacağını qeyd edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev xaricdə yaşayan azərbaycanlı alimlər vasitəsilə Azərbaycan elminin inkişafını dünyaya göstərməyin mümkünlüyünü bildirib.

Xaricdə yaşayan azərbaycanlı alimlərin İstanbul görüşü zamanı yaradılan Dünya Azərbaycanlı Alimlər Birliyinin rəhbəri Məsud Əfəndiyev çıxışında forumun əhəmiyyətindən danışıb, bu mötəbər tədbirin alimlərin öz bilik və bacarıqlarını birləşdirmələrində önəmini dilə gətirib.

Tədbirin davamında Nobel Mükafatı laureatları Aziz Sancarın və Arie Varşelın foruma ünvanladıqları məktublar təqdim olunub.

Forum çərçivəsində Mədəniyyət Nazirliyinin xətti ilə xalça və kitab sərgisi təşkil edilib.

Forum öz işini panel müzakirələri ilə davam etdirir.

Qeyd edək ki, Forum çərçivəsində xaricdə yaşayan azərbaycanlı alimlərin Şuşa və Xankəndi şəhərlərinə səfəri, Qarabağ Universitetinin müəllim heyəti ilə görüşü nəzərdə tutulur.


















ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin