Xızıda KOB dostu fəaliyyətə başlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları artıq ölkənin 35 şəhər və rayonunu əhatə edir. Avqustun 11-də növbəti KOB dostu Xızı rayonunda fəaliyyətə başlayıb. Bu, Abşeron-Xızı iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostudur.
Metbuat.az-a agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, KOBİA-nın Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşü çərçivəsində Xızı rayonu üzrə KOB dostu rayon ictimaiyyətinə təqdim edilib.
Görüşdə KOBİA-nın nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair KOB dostuna müraciət edə bilərlər. KOB dostu Xızıda biznesə başlamaq istəyən şəxslərə və sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Həmçinin, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranması, sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək. Orxan Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.
Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Xızı rayonu Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.
Həmin gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Xaçmaz rayonunda yerləşən “Azhazelnut” MMC-nin fındıq fabrikində olub, müəssisənin rəhbərliyi ilə fabrikin fəaliyyəti və xarici bazarlara çıxışın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.