fbpx

“Xocalı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 40 nəfər axtarışdadır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkəmizdə həyata keçirilən mükəmməl siyasətin, o cümlədən uğurlu xarici siyasətin sayəsində artıq demək olar ki, dünya əhalisinin böyük bir hissəsi ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə dəqiq və ətraflı məlumatlara malikdirlər. Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyev xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra onun təşəbbüsü ilə Milli Məclis tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Tarix boyu millətimizin başına gətirilən müsibətlər, o cümlədən həmin faciə barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, o cümlədən bu sahədəki misilsiz fəaliyyətinin təzahürüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə müvafiq istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu haqda danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlayaraq həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasını, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bütün bunların nəticəsidir ki, bu gün həmvətənlərimizlə bərabər, saysız-hesabsız əcnəbi də həmin dəhşətli gecədə, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı barədə ətraflı və səhih məlumatlıdır.

Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirib ki, Azərbaycan vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik öz təşəbbüsü ilə Baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə Hərbi Prokurorluğa tapşırılıb.
Cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra yeni istintaq-əməliyyat planı tərtib olunub, işin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, araşdırılmalı olan xüsusatların çoxluğu, eyni zamanda, cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və operativliyini təmin etmək məqsədilə iş üzrə 5 əsas istiqamət – Azərbaycan xalqına qarşı soyqırımı; əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə; terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan; müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi müəyyənləşdirilib.

Hərbi prokurorun böyük köməkçisi qeyd edib ki, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanılması və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilib.
Cinayət işinin istintaqı zamanı Xocalı soyqırımı epizodu üzrə müəyyənləşdirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidəki 366-cı alayının iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında”, 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, habelə “Hərbi əsirlərlə rəftar haqqında”, “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının, 1950-ci il noyabrın 4-də Avropa Şurası tərəfindən qəbul olunmuş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın üçüncü maddəsinin tələblərini kobud şəkildə pozaraq Xocalı şəhərinə hücum edib, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutub, sonra isə çoxsaylı ağır tanklar, piyadaların döyüş maşını və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olub, evlərində yatmış dinc əhalini vahiməyə salıb, qarşılarına çıxan qadınlara, uşaqlara, qocalara aman vermədən odlu silahlardan atəşlər açmaqla, tank, döyüş maşını və digər texnikanın altına salaraq əzməklə, müxtəlif işgəncələr verməklə insanları xüsusi amansızlıqla qətlə yetirib və sair vəhşiliklər törədiblər.

Rüya tabirlerini burdan oku

“İstintaq materialları ilə sübuta yetirilib ki, Xocalı qətliamı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla qətlə yetirilib, 487 dinc sakinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1275 nəfər isə əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Məlumat verilib ki, cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib. Eləcə də 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilibdir. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə Firad Əliyev vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xocalı #soyqırımını #törətməkdə #cinayətləri #sübuta #yetirilmiş #nəfər #axtarışdadır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu