YAP Sədrinin müavini Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mayın 29-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir ilə görüşüb.
Metbuat.az xəbər verir ki, Şöhrət Zakir dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu söyləyib. Müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyətindən bəhs edən sədr müavini ölkələrimizin bir-birinin milli maraqlarına və dövlətçilik mənafelərinə hörmət etdiyini vurğulayıb.
Azərbaycan ilə Çinin çoxşaxəli və genişmiqyaslı münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu bildirən komitə sədrinin müavini parlamentlərarası əməkdaşlığın önəmindən söz açıb. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan və Çinin qarşılıqlı faydalı işbirliyinə böyük önəm verdiklərini, ölkələrimiz arasında fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. Tahir Budaqov hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da inkişaf etdirmək əzmində olduğunu diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbə qazanaraq yeni geostrateji reallıqlar yaratdığını söyləyən YAP Mərkəzi Aparatının rəhbəri hazırda regionda mövcud olan vəziyyət, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rola malik olduğunu söyləyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, hakim partiyaların həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq əməkdaşlığın genişləndirilməsinə xidmət edən addımların atılması ardıcıl uğurların əldə olunması üçün etibarlı zəmin yaradır və xalqlarımız, dövlətlərimiz üçün mühüm perspektivlər vəd edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#YAP #Sədrinin #müavini #Ümumçin #Xalq #Nümayəndələri #Yığıncağı #Daimi #Komitəsi #sədrinin #müavini #ilə #görüşüb