Yaxın Şərqdə vəziyyət pik həddə: İsrail-İran müharibəsi başlayır?
Xəbər verdiyimiz kimi, İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail və Fələstin arasındakı müharibə ilə bağlı açıqlama verib. Fələstini dəstəklədiklərini vurğulayan Xamenei onu da deyib ki, HƏMAS-ın hücumu ilə İran arasında əlaqə yaratmaq səhvdir.
“Biz Fələstini dəstəkləyirik və onlarla fəxr edirik. İsrail hərbi və kəşfiyyat sahədə düzəlməz məğlubiyyətə uğradı”.
İranın bu addımının qarşılığında İsrailin hansı tədbir görəcəyi ilə bağlı suala cavab verən politoloq İlyas Hüseynov Metbuat.az-a bildirdi ki, rəsmi Tehran birbaşa olaraq prosesin içində olduğunu bildirməsə də, kənardan dəstək verdiyi şübhəsizdir:
“HƏMAS qruplaşmasının qəfil İsrail ərazilərinə hücum etməsi Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirdi. Hazırda əməliyyatlar davam edir və burada HƏMAS-ın arxasında duran qüvvə İranın mövqeyi diqqət çəkir. İran hazırkı durumda məsuliyyəti boynundan atmaq niyyətindədir. Hesab etmirəm ki, qarşıda İran- İsrail müharibəsinin baş verə bilər. Aydındır ki, İsrail İranı cəzalandırmaq istəyir. Hadisələr qarşısında İran da qəzəbini gizlətmir və əlinə düşən hər mümkün fürsətdə İsrailə gücünü göstərmək niyyətindədir”.
Yaxın Şərqdə İranın HƏMAS ilə yanaşı bir sıra digər qruplara da dəstək göstərdiyini qeyd edən politoloq bildirdi ki, bir müddət öncə yalnız siyasi qarşıdurmalardan, İsrail və İranın bir-birini tənqid etməsindən danışırdıqsa indi silahlar işə düşmüş vəziyyətdə olduğundan genişmiqyaslı müharibə ehtimalları güclənməkdədir.
“Yaxın Şərq çox çətin bir regiondur. Bir çox dövlətlərin burada maraqları kəsişir. Ərəb dünyası da bu məsələ ilə bağlı vahid mövqedən çıxış etmir. Son dövrlər İsrailin ərəb dünyasını təmsil edən dövlətlərlə yaxınlaşması da görünürdü. Səfirliklər açılırdı, diplomatik münasibətlər bərqərar olurdu.Amma hazırda elə bir vəziyyət baş verir ki, iki ölkə arasında əriməyə başlayan buzlar tamamilə əks bir prosesə doğru getməyə başlayıb”.
Gülbəniz Hüseynli / Metbuat.az