Yayda ürəyinizi infarktdan belə qoruyun
Həddindən artıq isti hava ürək-damar xəstəlikləri olan insanlarda su və elektrolit balansının pozulması, infarkt və laxtalanma riskini artıra bilər.
Yay aylarında temperaturun artması ilə ürək-damar problemlərindən ölüm halları da artır. Çünki isti havalarda orqanizmin temperatur tarazlığını qorumaq üçün ürək, ağciyər və böyrəklər daha çox işləməli olur. Bu, xüsusilə ürək xəstələri üçün böyük risk yaradır.
BEY.AZ medicina.az-a istinadən xəbər verir ki, Prof. Dr. Cengiz Köksal həddindən artıq isti havalarda orqanizmin özünü sərinlətmək üçün daha çox çalışdığını və bunun ürəyə ciddi yük olduğunu bildirib.
“İsti havalarda damarlar genişlənir, qan təzyiqi aşağı düşür və ürək təzyiqi tarazlaşdırmaq üçün daha çox işləməli olur. Bundan əlavə, həddindən artıq tərləmə bədənin su itkisinə səbəb olur ki, bu da ürəyin iş yükünü iki dəfə artırır.
Ürək problemi olanlar, ürək əməliyyatı keçirənlər, ürək dərmanlarından istifadə edənlər və 65 yaşdan yuxarı şəxslər risk altındadır”, – deyə professor qeyd edib.
Prof. Dr. Köksal ürək xəstələrinə isti havalarda maye istehlakına diqqət etməyi məsləhət görüb:
“İsti havalarda mütləq daha çox maye qəbul etməlisiniz. Qan təzyiqi və ürək çatışmazlığı olan xəstələrə duz məhdudiyyəti tətbiq edilir. Bu xəstələr qazlı içkilərdən, turşudan və bu tip tərkibində həddindən artıq duz olan qidalardan istifadə etməməlidirlər”.
Həkim əlavə edib ki, bununla belə, təzyiqi daim aşağı olanlar, ağızda quruluq və ayaqlarında sancılar hiss edənlər bir az duz qəbul edə bilərlər.
“Bundan başqa, sidikqovucu dərmanlardan istifadə edən xəstələrə həddindən artıq kalium itkisinin qarşısını almaq üçün gündə bir banan və ya bir neçə ədəd ərik yemək tövsiyə olunur”, – deyə professor vurğulayıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |