Yeni ixtisas üzrə ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb.
BEY.AZ xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”nda əksini tapıb.
Qaydaya görə, təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə (o cümlədən son üç tədris ilində ardıcıl olaraq həmin ixtisas üzrə tələbə qəbulu həyata keçirilmədikdə) tədrisə başlanılması maraqlı tərəflərin (assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/ mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.
-Maraqlı tərəflər təsnifatda mövcud olan ixtisas üzrə ilk dəfə tədrisə başlanılması məqsədi ilə əsaslandırıcı təkliflərini müvafiq profilli təhsil müəssisəsinə təqdim edirlər.
-Təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması barədə müraciət 1 (bir) ay müddətində təhsil müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında baxılır və təkliflər əsaslandırıcı hesab edildiyi halda, müvafiq qərarla maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilir.
-İşçi Qrupu 3 (üç) ay müddətində təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisində ilk dəfə tədrisə başlanılması məqsədilə tədris olunacaq ixtisasın bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas üzrə əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini təhlil edir və qiymətləndirir aparır, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini alır, beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas üzrə kadrlara olan potensial tələbatını müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və materialları (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim edir.
İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 (üç) ay müddətinə tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay artırılması barədə qərar qəbul edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.