fbpx

Yeni parlamentdə hansı yeniliklər olacaq?



“Azərbaycan tarixində ilk dəfədir ki, parlament seçkilərində iştirak edən hər bir partiya, qüvvə, hərəkat, sadə vətəndaş millətin qarşısına işğal, qaçqın-köçkünlük və s. məsələləri ilə deyil, fərqli ideyalarla çıxır. Bu çox önəmli məsələdir. İlk dəfədir ki, yeni bir səhifə başlanır. Hər bir şəxsin, partiyanın elan etdiyi prinsiplərdə, platformada ölkənin sosial, regional, beynəlxalq təhlükəsizlik mənafeyi öndə durur. Biz bütün çəkdiyimiz çətinliklərin arxada qaldığını düşünürük. VII çağırış parlament məhz belə bir ümumi çağırış altında formalaşır”.

Bu sözləri BEY.AZ-a açıqlamasında siyasətçi, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. O bildirib ki, VII çağırış parlament üzərindəki ən mühüm tələb birinci növbədə İkinci Qarabağ müharibəsindəki qələbəmizi qorumaq və möhkəmləndirməkdir:

“Qələbədən sonra Azərbaycanın siyasi cəhətdən dünyaya yeni bir obrazda çıxması və beynəlxalq nüfuzunun yüksəlməsi ona qarşı olan savaşları da açıq müstəviyə çıxarıb. Dünənə qədər pərdəli adlarla müxtəlif beynəlxalq təşkilatın libasında Azərbaycana zərbə vuran qüvvələr tam dəyişiblər. Çalışırlar ki, öz adları ilə qətnamə, akt qəbul etdirsinlər ki, Azərbaycan ciddi sanksiyaların, iqtisadi izolyasiyaların, hərbi embarqoların hədəfinə düşsün.

Həmçinin xalqdan gələn gözləntilərin maksimuma çatdığını bilməliyik. O mənada ki, əvvəl deyirdik bizim Qarabağ boyda dərdimiz var. İndiki halda vəziyyət dəyişib. Artıq sadə vətəndaş da deyir ki, bu cür qlobal problem həll olunubsa, bizim daxili sosial, iqtisadi, idarəetmə, təhsil, səhiyyə qayğılarımız qısa müddətdə həll olunmalıdır. Ona görə biz xalq qarşısına çıxmağı bacarmalıyıq, kommunikasiya qurmalıyıq”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib ki, Azərbaycan Qarabağdakı möhtəşəm qələbədən sonra artıq daxili problemlərə yönəlməlidir:

“Ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı işlər görülməlidir. Bunun əsasını da qanunvericilik bazası təşkil edir. Parlament burada önəmli rol oynaya bilər. Ölkəyə yeni vergi, gömrük məcəlləsi lazımdır. Ölkədə iqtisadi və sosial siyasəti həyata keçirmək üçün yeni qanunlara ehtiyac var.

Minumum əmək haqqının, təqaüdün hesablanması qaydaları dəyişməlidir. Bütün bunlar qanunvericilik hakimiyyətinin səlahiyyətindədir. Ona görə də bu parlamentdən gözləntilərimiz demokratik şəraitdə keçən seçkilər və yeni formalaşan parlamentin ölkənin sosial-iqtisadi problemlərinə yönəlməsidir”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı danışarkən vurğulayıb ki, yeni parlamentdə hansı dəyişikliklərin baş verəcəyini demək hələ tezdir:

“Çünki seçkini əvvəlcədən müəyyən etmək çətindir, ancaq proqnozlaşdırmaq olar. Hesab edirəm ki, müəyyən dəyişikliklər baş verəcək. Hər-halda parlamentin ilk növbədə səlahiyyətlərinin artırılması məsələsi gündəmə gəlməlidir. Çünki bu səlahiyyətlər bir çox hallarda seçicilərin tələbinə cavab verəcək səviyyədə fəaliyyət göstərməyə imkan vermir. Parlamentin icra orqanlarına daha çox təsir etmək imkanı olmalıdır.

Milli Məclisin qəbul etdiyi qərarlar üzərində nəzarət mexanizmi olmalıdır ki, insanların qarşısına çıxanda verdiyimiz vədi yerinə yetirmək mümkün olsun. Amma bütün hallarda parlament həm də ölkənin diplomatiya sahəsində ikinci böyük müəssisədir. Bu müəssisənin güclənməsi olduqca vacibdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Cavidan Mirzəzadə / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.









ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin