Yüksək vəzifəyə təyin olunan Emin Ağalarovdan ilk açıqlama
Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.
Bu barədə BEY.AZ-a İşgüzar Şuradan bildirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi – ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan – Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Bundan əlavə E. Ağalarov yeni vəzifəsi ilə bağlı instaqramda paylaşım edib. İclasdan video paylaşan Ağalarov bu sözləri yazıb:
“Bu gün Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirildi və onun çərçivəsində mən İdarə Heyətinin yeni sədri seçildim. Göstərdiyi etimada görə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova, 6,5 illik uğurlu rəhbərliyə görə Səməd Qurbanova, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan bütün təşkilat və strukturların nümayəndələrinə təşəkkür edirəm. Əminəm ki, Rusiya ilə Azərbaycan arasında işgüzar dairələrdə sıx əlaqələri inkişaf etdirməklə göstərilən etimadı və dəstəyi doğrulda biləcəyəm”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |