Zədələnmiş pulları harada, necə dəyişdirmək olar?
Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Vüqar Bayramov bildirib ki, təəssüf ki, vətəndaşlarımızın heç də hammısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər.
“Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əskinaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki, pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı bir maneə yaratmır. Həmin pulları asanlıqla zədələnməmiş əskinaslar ilə əvəzləmək mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər”.
Millət vəkili vurğuladı ki, yararsız pul əskinasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb.
“Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir”.
Vüqar Bayramov onu da qeyd etdi ki, yararsız pul nişanlarınız varsa onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz.