ABŞ-ın Florida ştatındakı Tampa şəhəri yaxınlığında kiçik təyyarə bir evin həyətinə düşərək qəzaya uğrayıb.
Publika.az “CBS News” telekanalına istinadla xəbər verir ki, Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası qəzanın yerli vaxtla təxminən saat 08:35-də baş verdiyini bildirib.
“Tampanın şimal hava limanından havaya qalxan “Cessna” tipli təyyarə hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarədə yalnız pilot olub və o, hadisə yerində həlak olub. Qəzadan sonra yanğın baş verib və yaxınlıqdakı evə müəyyən ziyan dəyib. Hazırda aviaqəza ilə bağlı araşdırma aparılır”, – məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 9-da Arizona ştatında yüngül mühərrikli təyyarənin uçuş-enmə zolağından çıxaraq partlaması nəticəsində iki nəfər həyatını itirmişdi.
Hüseyn İbadlı
