QHT-lərə Dövlət Dəstəyi Agentliyi Hesablama Palatasının apardığı audit yoxlamasının nəticələrinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, QHT Agentliyindən Teleqraf-ın sorğusuna cavab verilib. Bildirilib ki, Hesablama Palatası tərəfindən 7 aprel 2025-ci il tarixindən 23 may 2025-ci il tarixinədək Agentlikdə maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılıb, yoxlama zamanı əsasən 2023-2024-cü illəri əhatə edən sənədlər araşdırılıb.
Məlumata görə, yoxlamanın nəticələri 23 sentyabr 2025-ci il tarixində Agentliyə təqdim olunub.
“Hesablama Palatası tərəfindən belə bir əsas nəticəyə gəlinib ki, əvvəlki auditlə müqayisədə xüsusilə qrant layihələrinin hesabatlılığı ilə bağlı müəyyən edilmiş bir çox nöqsanlar aradan qaldırılıb, cari kənar dövlət maliyyə nəzarəti tədbiri ilə müəyyən edilmiş nöqsanların maliyyə yükü əhəmiyyətli olmayıb. Hesabatda həmçinin 2023-cü il və 2024-cü illər üzrə nəzərdə tutulmuş tədbirlərin icra edildiyi, planlaşdırılmış nəticələrlə faktiki nəticələr arasında ümumən uyğunluğun mövcud olduğu, bəzi hallarda isə icra göstəricilərinin gözləniləndən yüksək olduğu öz əksini tapıb. Palata tərəfindən aşkar edilmiş, maliyyə təsiri yaratmayan çatışmazlıqlar üzrə zəruri düzəliş tədbirləri həyata keçirilmiş və həmin hallar aradan qaldırılmış, tövsiyələr nəzərə alınıb”, – deyə qeyd olunub.
Agentlik “QHT Nəşriyyatı” ilə bağlı məsələyə də münasibət bildirib: “Haqqında bəhs olunan Qeyri Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının tabeliyində 2012-ci ildən təsisçisi olduğu və 975,7 min manat dəyərində nizamnamə kapitalının 100%-i Şuraya aid olan “QHT Nəşriyyatı” MMC Şuranın iclasının 17 aprel 2021-ci il tarixli 04 (253) nömrəli Protokolu ilə ləğv edilmiş, ləğv olunmuş MMC-yə nizamnamə fondu kimi verilmiş ilkin balans dəyəri 975,7 min manat, qalıq dəyəri 62,8 min manat olan 13 adda əsas vəsait yerində aşkar edilmədiyindən Agentlik bu əmlakı təhvil götürə bilməyib. Başqa sözlə, “QHT Nəşriyyatı” MMC ilə əlaqədar problem 5 il əvvələ aiddir.
Yoxlama tədbirlərinə dair Hesablama Palatasının yekun rəyində də ifadə edildiyi kimi, QHT Agentliyinin dövlət vəsaitlərinin icrası ilə bağlı fəaliyyəti bəzi hallar istisna olmaqla, hüquqi aktların tələblərinə uyğun təşkil edilib”.
22 aprel
19:05
Hesablama Palatası tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilən audit zamanı dövlət əmlakının israfı və layihə icrasında bir sıra qəribə pozuntular üzə çıxıb.
Publika.az xəbər verir ki, bu faktlar “Dövlət auditi” bülletenində əksini tapıb.
Auditin ən diqqətçəkən nəticələrindən biri keçmiş QHT Şurasının tabeliyində olan və 2021-ci ildə ləğv edilən “QHT Nəşriyyatı” MMC-yə aid əmlakın taleyidir. Belə ki, ilkin balans dəyəri 975,7 min manat olan 13 adda əsas vəsait hal-hazıradək aidiyyəti üzrə təhvil-təslim edilməyib, açıq havada saxlanılaraq tamamilə yararsız hala düşüb. Bununla belə, mühasibat uçotunda qeydiyyatda faktiki mövcudluğu təsdiqlənən bəzi materiallar isə sadəcə akt tərtib edilərək silinib.
QHT-lərə ayrılan qrantların icrasında da maraqlı nüanslar aşkarlanıb. Bəzi hallarda QHT rəhbərləri layihə icrası məqsədilə özləri (fiziki şəxs qismində) ilə müqavilə bağlayıblar. Bundan əlavə, təşkil olunan tədbirlərdəki iştirakçı sayı sənədlərdə şişirdilib, paylanan ləvazimatlar və çap məhsulları üçün adlı siyahılar tərtib olunmayıb. Bəzi icraçılar isə tədbirin keçirildiyi günlərdən qat-qat çox müddətə ezamiyyə yazıb, əlavə xərclərə yol veriblər. Agentliyin dövlət satınalmalarında da ciddi qanun pozuntuları olub; 2024-cü ildə müqavilələrin 80 faizi, xərclərin isə 78,7 faizi müsabiqəsiz (birmənbədən) həyata keçirilib ki, bu da beynəlxalq təcrübədəki məqbul hədlərdən dəfələrlə yüksəkdir.
