İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi kursunu müəyyənləşdirəcək əsas mərhələlərdən biri kimi qiymətləndirilir. Bu seçki təkcə daxili siyasi balansı deyil, həm də regionda təhlükəsizlik və əməkdaşlıq gündəliyini formalaşdıracaq. Xüsusilə hakimiyyətin tərkibi dəyişərsə, bu, xarici siyasətdə prioritetlərin yenilənməsinə gətirib çıxara bilər.
Metbuat.az bildirir ki, hazırkı baş nazir Nikol Paşinyan son illərdə həm daxildə islahatlar, həm də regionda sülh gündəliyi ilə çıxış edib. Lakin onun rəqibləri – əsasən keçmiş hakimiyyətə bağlı siyasi qüvvələr və daha sərt xətt tərəfdarları fərqli yanaşma təklif edirlər. Onlar təhlükəsizlik məsələlərində daha radikal mövqe sərgiləməklə seçicilərin müəyyən hissəsini cəlb etməyə çalışırlar.
Rəqiblərin şansı isə bir neçə faktordan asılıdır: iqtisadi vəziyyət, cəmiyyətin müharibə sonrası psixologiyası və seçicilərin sabitlik istəyinin səviyyəsi. Analitiklər hesab edir ki, Paşinyanın mövqeyi hələ də kifayət qədər güclüdür, lakin narazı elektoratın artması rəqabəti kəskinləşdirir.
Son dövrlərdə İrəvandan gələn sülh siqnalları diqqət çəkir. Rəsmi bəyanatlarda regionda kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın artırılması kimi məsələlər ön plana çıxır. Bu yanaşma həm beynəlxalq aktorlar, həm də region ölkələri tərəfindən müsbət qarşılanır.
Əgər Paşinyan seçkilərdə məğlub olarsa, siyasi kursda müəyyən dəyişikliklər qaçılmaz olacaq. Lakin bu, avtomatik olaraq müharibə ehtimalının artması demək deyil. Yerli və xarici ekspertlər hesab edir ki, regionda yeni genişmiqyaslı müharibə riski aşağıdır, çünki həm beynəlxalq təzyiqlər, həm də iqtisadi reallıqlar tərəfləri daha çox diplomatik həll yollarına sövq edir.
Bununla belə, hakimiyyət dəyişikliyi halında ritorikanın sərtləşməsi və danışıqlar prosesində ləngimə mümkündür. Yəni əsas sual müharibə yox, sülh prosesinin sürəti və istiqaməti ilə bağlı olacaq. Odur ki, narahatlıq üçün əsas yoxdur. Ermənilər Azərbaycan Ordusunun nəyə qaidr olduğunu yaxşı bilir. Ordu da yerindədir, ona əmr verən də…
Nazim Hüseynzadə / Metbuat.az

