Ukrayna prezidenti Vladimir Zelenski İsraili sərt şəkildə hədələyib. O, Rusiya tərəfindən işğal olunmuş Ukrayna torpaqlarından gətirilən taxılın İsrail limanlarında boşaldılmasına görə Təl-Əvivə qarşı sanksiyalar tətbiq olunacağını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat paylaşıb.
Ukrayna liderinin sözlərinə görə, növbəti “oğurlanmış taxıl” yüklü gəmi artıq İsrail limanına çatıb və boşaldılmağa hazırlaşır. Zelenski qeyd edib ki, bu, sadəcə biznes ola bilməz: “İsrail hakimiyyəti öz limanlarına hansı yükün daxil olduğundan xəbərsiz ola bilməz. Bu, təmiz biznes deyil”.
Prezident vurğulayıb ki, rəsmi Kiyev kəşfiyyat məlumatları əsasında xüsusi sanksiya paketi hazırlayır. Bu qərarlar həm taxılı daşıyanları, həm də bu qanunsuz ticarətdən qazanc əldə etmək istəyənləri əhatə edəcək. Ukrayna bu addımları Avropa tərəfdaşları ilə də koordinasiya edəcəyini açıqlayıb.
Müəllif: Adəm

