Taylandın məşhur kurort şəhəri olan Pattayada avstraliyalı turistin başına gələnlər yerli medianın gündəmini zəbt edib. 45 yaşlı kişi qadın hesab etdiyi iki trans-yeniyetmə tərəfindən həm fiziki xəsarətə məruz qalıb, həm də qarət edilib.
Publika.az “Pattaya Mail” nəşrinə istinadən xəbər verir ki, avstraliyalı turist 16 və 17 yaşlı iki şəxsi qadın zənn edərək məskunlaşdığı otel otağına dəvət edib. Lakin otaqda onların əsl kimliyini öyrəndikdən sonra tərəflər arasında mübahisə düşüb.
Münaqişə zamanı yeniyetmələrdən biri turisti vanna otağına itələyərək kəsici alətlə ona xəsarət yetirib. Daha sonra cinayətkarlar zərərçəkmişin 6 min Avstraliya dollarını (təxminən 6700 manat) oğurlayaraq hadisə yerindən qaçıblar.
Yaralı turist dərhal tibbi yardım alaraq polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində şübhəlilər ertəsi gün saxlanılıb. Onların üzərindən cinayət aləti olan qayçı və oğurlanmış pullar tapılaraq müsadirə edilib.
Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onlara qarşı silahlı soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törətmə maddələri ilə ittiham irəli sürülüb.
Müəllif: Adəm

