Qələbə Günü ərəfəsində “Yandeks” şirkəti milyonlarla insan üçün böyük əhəmiyyət kəsb edən yeni xidmətini istifadəyə verib. Artıq “Alisa AI” süni intellekt çatında 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslər haqqında məlumat əldə eldə etmək mümkündür.
Publika.az xəbər verir ki, “Tədqiq et” (Исследовать) adlı yeni süni intellekt agenti vasitəsilə istifadəçilər cəmi bir neçə dəqiqə ərzində açıq arxiv mənbələrini təhlil edərək maraqlandıqları şəxs barədə bütün məlumatları toplaya bilərlər.
Neyroşəbəkə “Memorial”, “Xalqın yaddaşı” və “Xalqın rəşadəti” kimi nəhəng dövlət arxivlərini və məlumat bazalarını araşdırır. Süni intellekt sənədləri müqayisə edərək şəxsin cəbhəyə getdiyi tarixi, xidmət etdiyi yeri, rütbəsini və aldığı mükafatları özündə əks etdirən geniş bioqrafik arayış hazırlayır. Hazır məlumatları “docx” və ya “pdf” formatında yükləmək, kopyalamaq və ya yaxınlarına göndərmək olar.
Məlumatları tapmaq üçün “Alisa AI” çatına daxil olub “Tədqiq et” rejimini seçmək və “Veteranın axtarışı” şablonuna klikləmək kifayətdir. Bundan sonra açılan hazır təlimata axtarılan şəxsin adını, soyadını və doğum tarixini daxil etmək lazımdır.
Xatırladaq ki, “Yandeks” ötən il 1941-1945-ci illərin sovet qəzetlərindən ibarət böyük arxiv bazasını da istifadəyə verib. Burada 200 mindən çox rəqəmsallaşdırılmış mərkəzi, regional və cəbhə qəzetləri yer alır. Bu resurs vasitəsilə təkcə qohumlar haqqında deyil, həm də müharibə dövrünün gündəlik həyatı və mühüm hadisələri barədə nadir məlumatlar əldə etmək olar.
Qeyd edək ki, “Alisa AI” ilə söhbət alice.yandex.ru saytında, həmçinin mobil tətbiqlərdə və “Yandex Browser”də əlçatandır.
Müəllif: Adəm

