Fransada həftənin əvvəlindən etibarən FFP2 maskası satışlarında ciddi artım müşahidə olunur.
Publika.az xəbər verir ki, buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma hallarıdır.
Bir sıra apteklər müvəqqəti məhsul çatışmazlığı yaşandığını bildirir. Topdansatış mərkəzləri isə son günlər rekord satış qeydə alındığını açıqlayır. Cəmi üç gün ərzində 15 min qutu maska satılıb. Adi dövrdə həftəlik satış təxminən 2 min 400 qutu olurdu. Son bir neçə gün ərzində apteklərdə maskalara olan tələbat təxminən beş dəfə artıb.
Bununla belə, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 şəxsin hamısının test nəticələri mənfi çıxıb və son günlər ərzində yeni yoluxma faktı təsdiqlənməyib.
