Mayın 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevi yenidən kütləvi raket atəşinə tutub.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallarda Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Hücum nəticəsində şəhərin bir çox rayonunda yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan dəyib, yanğınlar baş verib.
Rayonlar üzrə vəziyyət:
Şevçenko rayonu: Hücum nəticəsində bir məktəbin ikinci mərtəbəsində 300 kvadratmetr sahədə yanğın baş verib. Beşmərtəbəli yaşayış binasının blokunda dağıntı qeydə alınıb, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər yanğın olub. Biznes mərkəzinə zərbə endirilib, bazar ərazisində yanğın qeydə alınıb. Doqquzmərtəbəli binanın 8-ci və 9-cu mərtəbələri arasında baş verən zərbə nəticəsində ilkin məlumata görə, bir nəfər həyatını itirib. Həmçinin Fövqəladə Hallar Dövlət Xidmətinin Kiyev vilayəti üzrə idarəsinin muzeyi dağıntılara məruz qalıb.
Obolon rayonu: İlkin məlumata görə, yaşayış binasında yanğın baş verib. Digər ünvanda isə yanğınsöndürənlər 16-mərtəbəli binanın 12-13-cü mərtəbələrindəki yanğını söndürürlər. Tikinti hipermarketi də alovlanıb.
Desna rayonu: Ticarət mərkəzi və supermarket binasına zərbə endirilib, qaraj kooperativində 5 qaraj yanıb.
Darnitsa rayonu: İkimərtəbəli yataqxananın dam örtüyü yanıb. Xilasedicilər sakinləri təxliyə edir və yanğını söndürürlər.
Svyatoşin rayonu: Doqquzmərtəbəli yaşayış binasına zərbə endirildiyi bildirilir.
Dneprovski rayonu: Fərdi yaşayış evində və qaraj kooperativində yanğın baş verib.
Peçersk rayonu: 20-mərtəbəli yeni tikilinin 13-cü mərtəbəsində və yaxınlıqdakı tikililərdə yanğın qeydə alınıb.
Solomen rayonu: 24-mərtəbəli binanın 23-cü mərtəbəsində qismən dağıntı və yanğın baş verib. Sənaye zonasında anbarlara ziyan dəyib.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Hazırda xilasetmə işləri davam edir. Hücum nəticəsində ölən və yaralananların dəqiq sayı barədə məlumatlar dəqiqləşdirilir.
Hüseyn İbadlı
