EvXəbərlərAzərbaycan daha ağır ssenaridən belə qurtuldu

Azərbaycan daha ağır ssenaridən belə qurtuldu

Published on

spot_img

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dövlətçilik taleyinin müəyyənləşdiyi əsas mərhələlərdən biri kimi xarakterizə olunur. Müstəqilliyin ilk illərində ölkədə yaranan mürəkkəb siyasi vəziyyət, hərbi-siyasi gərginlik və idarəetmə böhranı həmin dövrün ən çox müzakirə olunan mövzuları sırasında qalır. Ekspertlər hesab edir ki, o illərdə qəbul olunan qərarlar Azərbaycanın sonrakı inkişaf istiqamətinə ciddi təsir göstərib.
Politoloq Elxan Şahinoğlu BEY.AZ-a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas məqsəd dövlət institutlarını formalaşdırmaq və daxili sabitliyi təmin etmək idi.
Dövlət quruculuğunun ən çətin mərhələsi
Politoloqun fikrincə, müstəqillik əldə olunmasına baxmayaraq, ölkədə yaranmış daxili və xarici çağırışlar dövlət quruculuğu prosesini xeyli çətinləşdirirdi. Onun sözlərinə görə, həmin mərhələdə ölkənin gələcəyi ilə bağlı ciddi suallar mövcud idi və vəziyyət sürətlə dəyişirdi.
“Azərbaycan müstəqilliyini qazandıqdan sonra dövlət quruculuğuna baş vurmalı idi, amma çox təəssüf ki, elə ilk illərdə torpaqlarımızın işğal olunması, ölkə daxilində vətəndaş qarşıdurması, hərbi çevriliş cəhdləri, dövlətin möhkəmlənməsinə böyük əngəllər yaratdı. Vəziyyət çox qarışıq idi və bu arada Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu və problemlərin həlli ilə məşğul oldu və əsas problemi də həll etdi. Vətəndaş qarşıdurması ortadan qaldırıldı, xarici dövlətlərin Azərbaycana təzyiqləri tədricən neytrallaşdırdı”, – deyə politoloq bildirib.

Sabitlik mərhələsinə keçid necə formalaşdı?
Elxan Şahinoğlu hesab edir ki, sonrakı mərhələdə atılan addımlar yalnız cari böhranın aradan qaldırılmasına yox, həm də uzunmüddətli inkişaf modelinin formalaşmasına hesablanmışdı. Politoloqun sözlərinə görə, iqtisadi və siyasi qərarlar ölkədə yeni mərhələnin əsasını qoydu.

“1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Bütün bunlar Azərbaycanda sabitlik üçün zəmin yaradırdı. Yəni Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi əngəllənsəydi, vətəndaş qarşıdurması güclənəcək, idarəolunmaz hal alacaqdı və Azərbaycanın parçalanması ehtimalı da ola bilərdi. Ona görə o zamanki hakimiyyət vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü və Heydər Əliyevin bir neçə il ərzində dövlət qarşısında bu təhlükələri ortadan qaldırılması ilə məşğul oldu”, – deyə politoloq qeyd edib.
Sonrakı illərin nəticəsi və yeni mərhələ
Politoloq bildirir ki, sonrakı dövrdə həyata keçirilən siyasi və iqtisadi proseslər ölkənin təhlükəsizlik və inkişaf konsepsiyasının formalaşmasına təsir göstərdi. Onun fikrincə, bu mərhələdə ordu quruculuğu və regional münasibətlər də xüsusi yer tutdu.
“Düzdür, Heydər Əliyevin dövründə də ona qarşı müəyyən çevriliş cəhdləri oldu, amma onların hamısının qarşısı alındı. Neft kontraktları imzalandı, boru xəttləri çəkildi və indi Azərbaycan məhz o təhlükələrdən qurtularaq sabitliyə qədəm qoydu və bu qurtuluş günü də Azərbaycanda mühüm bayramlardan biri kimi qeyd edilir. O zaman Azərbaycan ordusunun gücləndirilməsi prosesi də başladı. Türkiyə ilə ittifaqa önəm verildi, qonşu dövlətlərlə normal münasibətlər quruldu və məhz bütün bu fəaliyyətin zəminində artıq illər keçdikdən sonra Azərbaycan ordusunun güclənməsindən sonra biz torpaqlarımızı işğalçılardan azad etməyə nail olduq”, – deyə politoloq vurğulayıb.
Müəllif: Adəm Abbaslı

Latest articles

More like this