İstidə saxlanılan dərman ampulları sağlamlığa düzəlməz zərər vura bilər.
BEY.AZ xəbər verir ki, bu barədə əczaçı İon Yalanji “RİA Novosti” ilə söhbətində bildirib.
Yalanjinin sözlərinə görə, isti havada müxtəlif növ dərmanlar öz xüsusiyyətlərini dəyişə, faydasız və ya hətta zərərli hala gələ bilər.
Mütəxəssis ölümcül təhlükə barədə xəbərdarlıq edərək qeyd edib:
“Bir çoxları təlimatda dərmanların necə düzgün saxlanılmalı olduğunu izah edən bəndi nəzərə almır, temperaturun kəskin dəyişməsi isə son dərəcə ağır nəticələrə səbəb ola bilər”.
Əczaçı ən diqqətli olunmalı məqamın ampuladakı dərmanlar olduğunu vurğulayıb. O, mayenin rənginin dəyişməsini və ya çöküntünün yaranmasını ciddi təhlükə əlaməti adlandırıb.
İon Yalanji vurğulayıb ki, isti havada dərmanların tərkibindəki su buxarlana bilər, bu zaman təsirli maddənin qatılığı artır və nəticədə doza artıqlığı riski yaranır. O, həmçinin məlhəm və şamların adətən sadəcə əridiyini, həb və kapsulların isə öz xüsusiyyətlərini itirdiyini qeyd edib.
“Dərmanları temperaturun 25 dərəcədən yüksək olmadığı quru və sərin yerdə saxlamaq ən yaxşısıdır; isti havada gəzintiyə çıxarkən ilk yardım çantasını avtomobildə və ya çantada qoymamağa çalışın”, – deyə Yalanji vurğulayıb.
Hüseyn İbadlı
