İspaniya hakimiyyəti avqustun 1-də Seuta sahillərində dəniz yolu ilə qeyri-qanuni keçidlərin qarşısını almaq məqsədilə üzən maneənin quraşdırılmasına başlayıb.
BEY.AZ xəbər verir ki, bu, uzunluğu 500 metr, səthdən 30-70 santimetr hündürlüyə və su altında qalan hissəsinin dərinliyi isə bir metrə qədər olan pnevmatik baryerdir. İspaniya Mülki Qvardiyası və Hərbi Dəniz Qüvvələri tərəfindən birgə yerləşdirilən bu pnevmatik maneə Mərakeş sahillərindən üzərək keçmək cəhdlərinin qarşısını almağı hədəfləyir.
Miqrasiya məsələləri üzrə ekspert Əbdülhəmid Camur isə KİV-ə bildirib ki, bu addım qeyri-qanuni miqrasiya problemini həll edə bilməyəcək. Onun sözlərinə görə, nəzarət tədbirlərinin sərtləşdirilməsi həmişə onlardan yan keçməyin yeni yollarının ortaya çıxmasına səbəb olur. O, misal olaraq cinayətkar şəbəkələrin bahalı radiolokasiya müşahidə sistemlərindən yan keçməyin yollarını tapdığı Kanar adalarındakı vəziyyəti göstərib. Ekspertin fikrincə, qeyri-qanuni miqrasiyanın səbəblərinin aradan qaldırılmasını və miqrantların mənşə, tranzit və təyinat ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan kompleks yanaşma olmadan texniki tədbirlər məhdud təsirə malik olacaq.
Qeyd edək ki, ötən həftənin əvvəlindən etibarən əksəriyyəti Mərakeş vətəndaşı olan təxminən 60 min nəfər quru sərhədini keçərək və ya dəniz yolu ilə İspaniyanın Seuta anklavına daxil olub. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, onların artıq böyük əksəriyyəti yenidən Mərakeşə qayıdıb.
