Vaşinqton administrasiyası tərəflər arasındakı münaqişə zamanı insanların ölməsinə və yaralanmasına, eləcə də İran Silahlı Qüvvələrinin zərbələri nəticəsində ABŞ-a dəyən ziyana görə Tehrandan kompensasiya tələb edir.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
ABŞ liderinin sözlərinə görə, İran nümayəndələri son beş aylıq hərbi münaqişə zamanı ölkəyə dəyən ziyana görə təzminat tələb edirlər. ABŞ Prezidenti xüsusi olaraq vurğulayıb ki, kompensasiya məsələsi əvvəlki danışıqlarda və görüşlərdə heç vaxt gündəmə gətirilməyib.
“Bu, maraqlı ideyadır, çünki indi mən də İrandan çoxsaylı münaqişələrdə öldürdükləri və ya ağır yaraladıqları bütün insanlara görə təzminat tələb edirəm”, – deyə o yazıb.
Tramp bildirib ki, söhbət Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı həyata keçirilmiş hücumlardan, yolkənarı partlayıcılarla bağlı itkilərdən və general Qasım Süleymaninin rəhbərliyi dövründə İranın regional fəaliyyətindən, həmçinin “USS Cole” göyərtəsində həlak olanların ailələrindən və döyüş əməliyyatlarında həlak olmuş minlərlə digər insandan gedir.
O, son 50 il ərzində İranda etirazlar zamanı həlak olanların ailələri üçün də kompensasiya tələb edib. Tramp iddia edib ki, son beş ay ərzində 52 min nəfər həlak olub.
“Mən nümayəndələrimə tapşırmışam ki, bu məsələni qətiyyətlə bütün gələcək danışıqlara daxil etsinlər”, – o vurğulayıb.
