Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
BƏƏ artan regional gərginlik və təhlükəsizlik təhdidlərini əsas gətirərək məhdudiyyətləri qeyri-müəyyən müddətə tətbiq edib. Əmirliklər İranın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır və Tehranın xarici bazarlara çıxışının əsas kanallarından biridir. Bu qərardan əvvəl BƏƏ İrandan atılan iki ballistik raketin Fars körfəzinə – Əmirliklərin ərazi sularına və ondan kənara düşdüyünü açıqlamışdı. Əbu-Dabi raketlərin dəniz nəqliyyatına yönəlmiş ola biləcəyi ehatimalını irəli sürmüşdü. İran Xarici İşlər Nazirliyi Tehranın raket sınağında iştirakı ilə bağlı iddiaları rədd edərək, onları əsassız və mehriban qonşuluq münasibətlərinə zidd adlandırıb.
“Reuters” agentliyinin məlumatına görə, BƏƏ-nin qərarı Dubay vasitəsilə bank köçürmələrini, idxalı və təkrar ixracı məhdudlaşdırmaqla, artıq sanksiyalar altında olan İran iqtisadiyyatına daha da zərbə vura bilər. Bu, həmçinin regional ticarət və nəqliyyat marşrutlarının yenidən formalaşdırılması ehtimalını artırır.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücuma genişmiqyaslı cavab verildiyini elan edib. İran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə zərbələr endirib. Regiondakı bütün ölkələr münaqişədən zərər çəkib.
İyunun 18-də İran və ABŞ hərbi əməliyyatların dayandırılması ilə bağlı anlaşma memorandumu imzalayıblar. Bu müddət ərzində BƏƏ və İran bəzi ticarət əlaqələrini və hava nəqliyyatını bərpa etmişdilər, lakin İran ABŞ təhdidləri dayandırana, dəniz blokadasını və sanksiyalarını ləğv edənə və dondurulmuş İran aktivlərini azad edənə qədər Hörmüz boğazını açmayacağını bildirmişdi.
Hüseyn İbadlı
