EvXəbərlərBakıda pasiyent müalicə olunduğu diş həkimindən 50 min manat aldı

Bakıda pasiyent müalicə olunduğu diş həkimindən 50 min manat aldı

Published on

spot_img

Bakıda özünü sahibkar kimi təqdim edən 39 yaşlı kişi iki nəfərin külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilib.
BEY.AZ Teleqraf-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Rəsul Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda stomatoloq Mirəli Hüseynova guya kafel-metlak əşyaları alıb, satışını təşkil etdiyini və yaxşı qazandığını, pul qoyacağı halda onun da qazanc əldə edəcəyini söyləyib.
Rəsul Musayev Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsindəki yaşayış binasının birinci mərtəbəsində olan diş klinikasında Mirəli Hüseynovdan 3000 manat alıb. Ticarətlə məşğul olaraq qazanc əldə etməsi görüntüsünü yaratmaq üçün guya 3000 manatın qazancından ona 575 manat verib.
Əlavə olaraq 3000 manat da alıb və qazandığı vəsait kimi ona 550 manat geri qaytarıb. Rəsul Mirəlidən bir neçə dəfəyə 50208 manat alıb, həmin pulu sosial şəbəkədə mərc oyunlarına sərf edib.
İstintaq sənədlərinə görə, Rəsul Musayev daha bir nəfərə – “SS Center” Məhdud Məhsuliyyətli Cəmiyyətdə (MMC) satıcı işləmiş Kamil Cəfərova qarşı da dələduzluq edib. O, kafel-metlak satışı təşkil etmək adı ilə ondan ümumilikdə 71500 manat pul alıb və mərc oyunlarına sərf edib.

İstintaq orqanı Rəsul Musayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edib.
İş üzrə ifadə verən Rəsul özünü təqsirli bilib, ifadəsində göstərib ki, Yeni Yasamalda yaşayıb: “Mirəli binanın aşağı mərtəbəsində stomatoloq işləyirdi, bir neçə illər onun pasiyenti olmuşam. Təxminən 2025-ci ilin iyun ayında ona kafel-metlak satışı təşkil etməyi, gələcəkdə isə özümüzə mağaza açmağı təklif etdim. Məqsədim Mirəlini aldatmaq deyildi. Bir dükanı İnqilab küçəsində, digərini isə Babək prospektində açacağımızı dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onun Çin zavodunun əməkdaşlarına kimi əlaqələri olub: “Son işlədiyim “Rich Plaza”dan üç nümayəndə gəlib və ilk başlanğıcda üç konteyner məhsul alacağıma dair onlarla danışığım olub. Bununla bağlı 2025-ci ilin dekabr ayında nümunələrə baxmağa getməli idim. Məqsədim Mirəlidən aldığım pul məbləğlərini 90-100 min manata çatdıraraq üç konteyner malın pulunu vermək idi.
Mirəlidən aldığım pulları qeyri-qanuni üsullarla artırmaq istəyirdim, həmin üsullardan biri də “1Xbet” mərc oyunları idi. Lakin elə oldu ki, ilk məbləğdə pulu uduzdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Mirəlidən 3000 manat, daha sonra 5000 manat da pul alaraq oyuna qoyub: “Lakin bütün pulları oyunda uduzdum. Bundan sonra Mirəliyə daha böyük məbləğlə, yəni 40-50 min manat stabil işi görmək təklifi etdim. Mirəli də hissə-hissə pulları mənə verdi. Mirəlidən ümumilikdə təxminən 52000 manata yaxın pul almışam”.
Təqsirləndirilən şəxs deyib ki, digər zərərçəkmiş Kamal Cəfərovu da eyni məzmunda, yəni kafel-metlak satışını həyata keçirmək adı ilə ilk olaraq 6000 manat alıb: “Bundan sonra daha böyük məbləğlər aldım və yenə də eyni ilə pulları oyunda uduzdum. Kamala da arada udduğum məbləğlərdən ödəniş etmişəm. Hər iki zərərçəkmişə ümumilikdə 7000 manata yaxın pul qaytarmışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər də “1Xbet” mərc oyunları oynayıb: “Amma bu dəfəki qədər böyük məbləğlər qoymamışam. Əvvəllər bu oyundan qazanc əldə edəcəyimə ümidlənsəm də, sonradan heç kimin oyunlardan qazanc götürmədiyi bildim. Mən mərc oyunlarında 5000 manat və 7000 manat pullar qazanmışam. Həmin uduşlardan da xırda məbləğlərdə həm Mirəliyə, həm də Kamala ödənişlər etmişəm. Onların pulunu qaytarmaq istəyirəm. Bunu həbsdən azad edildikdən sonra edə bilərəm. Bu əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Kamal Cəfərovun sözlərinə görə, Rəsulu 10-15 ildir tanıyır: “Mən dərman firmasında mal paylamışam, dəfələrlə çətin vəziyyətində Rəsula maddi kömək etmişəm. Hadisələrin baş verdiyi ərəfədə əməliyyatdan yeni çıxmışdım. Rəsul dörd dəfə zəng edərək mənimlə görüşmək istədiyini və bəzi təkliflərinin olduğunu dedi. Ona təkliflərdən birmənalı olaraq uzaq olduğumu bildirdim. Çox təkidlərdən sonra onunla görüşdüm. Görüş zamanı anamgilin evində işləyən ustalara pul verməli olsa da, pulu Rəsula verdim”.
Kamal Cəfərov qeyd edib ki, Rəsula 2025-ci ildə avqust ayının əvvəlində Abşeronda 6000 manat, “Rich Plaza”nın yanında bir dəfə 30500 manat, bir dəfə də 35000 manat verib: “Sentyabrın sonunda uşağıma görə xaricə getməli oldum. Rəsula oktyabr ayının əvvəli gələcəyimi və pulları alacağımı bildirdim. Sentyabrın 25-dən sonra Rəsulu tapa bilmədim. Rəsulun qardaşı ilə əlaqə saxladım. Qardaşı Rəsulun bir dəfə də belə iş gördüyünü və kimlərisə aldatdığını dedi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Musayev 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Latest articles

More like this