Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır.
BEY.AZ xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.
C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureatı Linus Polinqin adı ilə bağlıdır. O, 1970-ci illərdə gündə 1000-2000 milliqram C vitamini qəbul etməyi tövsiyə edirdi. Lakin Adelaida Universitetinin dietoloqu Evangelin Mantziorisin qeyd etdiyi kimi, onun tövsiyələri zəif dəlillərə əsaslanırdı: cəmi bir neçə keyfiyyətsiz araşdırma və xizək kurortundakı düşərgədə uşaqlar üzərində aparılan müşahidə.
Müasir icmallar daha təvazökar nəticələr göstərir. 2023-cü ildə aparılan və 2736 sağlam insanın iştirak etdiyi plasebo-nəzarətli 10 sınağın nəticələrini birləşdirən meta-analiz göstərib ki, C vitamininin müntəzəm qəbulu soyuqdəymədən qorunmağa kömək etmir. Lakin vitamini əvvəlcədən qəbul edən, xəstəlik zamanı qəbul etməyə başlamayan insanlarda ağır simptomların müddətini təxminən 15 faiz azaldır.
C vitamininin nəzərəçarpacaq faydası yalnız ayrı-ayrı qruplarda – yüksək fiziki yükə məruz qalan idmançılar və hərbçilərdə aşkar edilib, ümumi əhali arasında isə belə nəticə qeydə alınmayıb. Bununla yanaşı, insanların əksəriyyəti onsuz da C vitamini çatışmazlığından əziyyət çəkmir. Məsələn, Avstraliyada bu çatışmazlıq əhalinin 4 faizindən az hissəsində müşahidə olunur.
Üstəlik, vitaminin həddindən artıq qəbulu təhlükəsiz deyil: gündə 1000 milliqramdan artıq dozalar həzm pozğunluqları və böyrək daşlarının yaranması riskini artırır, həmçinin dəmirin mənimsənilməsinə mane olur. Buna görə ekspert C vitaminini ilk növbədə tərəvəz və meyvələrdən almağı, əlavələrdən isə düşünülmüş şəkildə və məqbul dozalarda istifadə etməyi tövsiyə edir. O, həmçinin xatırladır ki, vitaminin faydası yalnız əvvəlcədən və müntəzəm qəbul edildikdə özünü göstərir, soyuqdəymə artıq başladıqdan sonra qəbul edilməsinin isə eyni təsiri yoxdur. Hazırda təhlükəsiz yuxarı həddin sutkada təxminən 1000-2000 milliqram olduğu hesab edilir və həkim təyinatı olmadan bu həddi aşmaq tövsiyə edilmir.
Hüseyn İbadlı
