Hindistanda Pəncab ştatında 28 yaşlı tanınmış bloqer Mancit Kauru qaçıraraq ağaca bağlayan və od vuran cinayətkarlar axtarılır.
BEY.AZ xəbər verir ki, bu barədə “Need To Know” nəşri yazır.
Kaurun anasının sözlərinə görə, bloqerin iki tanışı — Şubhi və Pinda ona zəng edərək görüşmək istədiklərini bildiriblər. Onlar qadını zorla avtomobilə mindirərək meşəlik əraziyə aparıblar. Orada Kaura hücum edərək onu ağaca bağlayıb və yandırıblar.
Hadisə yerinə daha sonra gələn dostu blogeri alovlar içində aşkar edib və yorğan vasitəsilə alovu söndürüb.
O, ağır yanıq xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb və orada iki aya yaxın müalicə alıb. Tibb müəssisəsində olduğu müddətdə Kaur özünə gələrək baş verənlər barədə ifadə vermək istəsə də, onun ifadəsi qeydə alınmayıb. Kaurun həyatını xilas etmək mümkün olmayıb.
Bununla yanaşı, blogerin təxminən yeddi həftəlik hamilə olduğu məlum olub. Onun yeddi yaşlı bir oğlu qalıb.
Mancit Kaurun hesabına 150 minə yaxın insan abunə olub, o, həyat tərzi ilə bağlı məzmunlar paylaşırdı. Həmçinin blogerin “YouTube” kanalı var idi və orada ailə videobloqlarını yerləşdirirdi.
Hüseyn İbadlı
