Türkiyəli məşhur yutuber Ruhi Çenetin ABŞ-da yaşayan Hasidik Yəhudi icmasının həyatını lentə aldığı, təxminən 40 dəqiqəlik sənədli filmi mübahisələrə səbəb olub.
BEY.AZ “Milliyyet”ə istinadən xəbər verir ki, qısa müddətdə 39 milyon baxış sayına çatan sənədli filmdə Hasidik Yəhudilərin həyat tərzi izləyiciləri təəccübləndirib.
Çünki onlar Nyu-Yorkun mərkəzində yaşayırlar, lakin müasir dünyadan tamamilə təcrid olunublar. Onlar smartfondan və televiziyadan istifadə etmirlər. İnterneti və ümumilikdə texnologiyanı “şeytanın ixtirası” kimi görürlər.
Sənədli film onların dini qaydalarını, ailə quruluşunu və gündəlik həyatlarını birbaşa gözlər önünə sərir. Sənədli filmlə bağlı ortaya çıxan mübahisənin başqa bir tərəfi isə Hasidik Yəhudilərin dövlətdən aldığı dəstəklə əlaqədardır.
Amerikalı yayımçı Asmonqold ABŞ-da vergi ödəyicilərinin pullarının bu icmanın maliyyələşdirilməsinə yönəldilməsini tənqid edib. Orta hesabla 8-10 uşağa sahib olan Hasidik ailələr çoxuşaqlı olduqları üçün dövlət tərəfindən dəstəklənən fondlardan daha çox faydalanırlar. Onlar dövlətdən illik orta hesabla 75 min-100 min dollar civarında dövlət dəstəyi ala bilirlər.
Tənqidçilər həmçinin Hasidik Yəhudilərin seçkilərdə icma liderlərinin göstərdiyi namizədlərə blok şəklində səs verdiyini, siyasətçilərin isə seçki səsləri naminə bu icmaya güzəştlər etdiyini iddia edirlər.
Müəllif: Roza
