Elm adamları uzun müddət hesab edirdilər ki, insan beyni bütövlükdə ya yuxu, ya da oyaq vəziyyətində olur. Lakin mikroyuxu fenomeni göstərir ki, beynin bir hissəsi dincələrkən digər hissəsi fəaliyyətini davam etdirə bilər. Bu hal xüsusilə avtomobil idarə edən insanlar üçün ciddi təhlükə yaradır.
BEY.AZ xəbər verir ki, bunu həkim Mixail Poluektov “Qazeta.ru”ya açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, sinir sisteminin bütövlükdə “söndüyü” ilə bağlı təsəvvür ilk dəfə 1973-cü ildə sarsılıb. Həmin vaxt sovet alimləri Qara dəniz delfinlərində beynin bir yarımkürəsinin yatdığı, digərinin isə oyaq qaldığı yuxu formasını aşkar ediblər.
Sonradan bu konsepsiya insanlarda müşahidə olunan lokal yuxu fenomeninə də şamil edilib. Bu vəziyyət xüsusilə uzun müddət monoton iş görərkən meydana çıxa bilər.
“Uzunmüddətli monoton iş zamanı beyin vaxtaşırı bir neçə saniyəlik fəaliyyətini dayandırır və insan şüurdan ayrılır. Beynin bəzi nahiyələri oyaq qalır, lakin reallığın kritik qavranılmasına cavabdeh zona sönür. Nəticədə o, yolda baş verən dəyişikliklərə reaksiya verməyə bilər”, – deyə Poluektov xəbərdarlıq edib.
Həkim qeyd edib ki, mikroyuxunu kənardan da müşahidə etmək mümkündür. Belə vəziyyətdə insan məlumatı sürətlə emal etmək qabiliyyətini itirir və mənasız danışmağa başlayır.
Somnoloq buna gündəlik həyatdan nümunə də gətirib. Onun sözlərinə görə, uşağını yatızdıran ana özü də yuxuya gedə bilər və həmin anda baş verənlərin fərqində olmur.
Poluektov vurğulayıb ki, mikroyuxu zamanı neyronlarda hər hansı nasazlıq yaranmır. Sadəcə olaraq, onlar yuxu rejimində fəaliyyət göstərməyə başlayırlar. Oyaq vəziyyətdə beyin hiss orqanlarından məlumat alaraq davranışı tənzimləyir, yuxu zamanı isə yaddaşdakı informasiyanı emal edir, lazımsız məlumatları silir və vacib olanları qoruyur.
Lokal yuxu zamanı beynin ayrı-ayrı hissələri “yuxu işləri” ilə məşğul olmağa başlayır və bu, reallığın normal qavranılmasına mane olur.
Mütəxəssis əlavə edib ki, mikroyuxu yalnız şüurlu qavrayışa cavabdeh zonaları deyil, digər beyin nahiyələrini də əhatə edə bilər. Məsələn, küləyin səsini qiymətləndirən zona yuxuya getdikdə insan müəyyən müddət həmin səsi eşitmir. Daxili orqanlardan gələn siqnalları qəbul edən nahiyə yuxuya gedərsə, insan bədənindəki bəzi hissləri də müvəqqəti olaraq dərk etməyə bilər.
Ən təhlükəli məqam isə odur ki, insan beyninin hansı hissəsinin yuxuya getdiyini hər zaman özü hiss etmir.
Müəllif: Adəm
