Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini ötüb. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin sentyabrın 15-də açıqladığı məlumatlara görə, ölkədə hazırda 107 677 uzunömürlü yaşayır. Bu, ötən illə müqayisədə 7 914 nəfər çoxdur.
BEY.AZ xəbər verir ki, yüz yaşdan yuxarı yaponların 94 298-i qadın, 13 379-u isə kişidir. Beləliklə, qadınlar bu yaş qrupunun təxminən 88 faizini təşkil edir. Həm qadınların, həm də kişilərin sayı indiyədək qeydə alınan ən yüksək göstəriciyə çatıb.
Yaponiyanın ən yaşlı sakini Kiotoda yaşayan 114 yaşlı Fuyu Kişimoto, ən yaşlı kişisi isə Kumamoto prefekturasından olan 112 yaşlı Hikaru Kato hesab olunur.
Yaponiyada uzunömürlülərin sayı artıq bir neçə onillikdir ki, artır. 1963-cü ildə bu statistika aparılmağa başlayanda ölkədə 100 və daha yuxarı yaşda cəmi 153 nəfər var idi. 1981-ci ildə onların sayı mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçdi.
2025-ci ildə göstərici 99 763 nəfərə çatmışdı. Son rəqəmlərlə müqayisədə 63 il ərzində 100 yaşdan yuxarı yaponların sayı 700 dəfədən çox artıb.
Statistika Yaponiyada sentyabrın 15-də qeyd olunan Yaşlılara Hörmət Günü ilə bağlı açıqlanıb. Ölkə hökuməti həmin gün cari maliyyə ilində 100 yaşını tamamlayan sakinlərə baş nazirin adından təbrik məktubu və xatirə hədiyyəsi göndərir.
Səhiyyə, əmək və sosial təminat naziri Keniçiro Ueno uzunömürlülüyün artmasını yaşayış şəraitinin və qidalanmanın yaxşılaşması, həmçinin tibbi texnologiyaların inkişafı ilə əlaqələndirib. O, əhalinin qocalmasının davam etdiyi bir vaxtda sosial təminat sisteminin dayanıqlılığının qorunmasının vacibliyini vurğulayıb.
Yaponiya eyni zamanda doğum səviyyəsinin və ümumi əhalinin azalması ilə üzləşir. Sentyabrda açıqlanan araşdırmaya görə, 18-34 yaş arasında subay kişi və qadınların 20 faizindən çoxu evlənməyi planlaşdırmadığını bildirib. Nazir bunun səbəbləri arasında uşaqların böyüdülməsi və təhsilinə çəkilən yüksək xərcləri, eləcə də işləyən valideynlərin fiziki və psixoloji yükünü göstərib.
Xatırladaq ki, Yaponiyada əhalinin sayı 123 milyon 767 min 642 nəfər təşkil edir ki, 100 yaşdan çox yaşayanların sayı ölkənin ümumi əhalisinin 0,087 faizini təşkil edir.
Müəllif: Adəm
