Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 3-də Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxdığı raket 1 000 kilometr məsafədəki hədəfi vurub.
BEY.AZ xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, təlimlər hipersəs silah sistemlərini idarə edən hərbçilərin hazırlıq səviyyəsinin artırılması, həmçinin KXDR-in çəkindirmə vasitələrinin etibarlılığının, effektivliyinin və mobilliyinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Raket buraxılışını KXDR lideri Kim Çen In izləyib. O, raket bölmələrinin yüksək peşəkarlıq nümayiş etdirdiyini və “əks-zərbə endirməyə daim hazır olduğunu” bildirib.
“Düşmənlərə strateji hücum vasitələrinin etibarlılığını və ölümcül gücünü davamlı şəkildə nümayiş etdirmək üçün məsuliyyətli səylərimizi dayanmadan davam etdirməliyik. Bu, çəkindirmə gücünün nümayiş etdirilməsinin formalarından biridir”, – deyə Kim Çen In bildirib.
