EvXəbərlərAzərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir

Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir

Published on

spot_img

Ağ Partiya son hadisələrlə bağlı mövqeyini əks etdirən növbəti bəyanatını ictimaiyyətə təqdim edib.
BEY.AZ xəbər verir ki, bəyanatda beynəlxalq mediada Azərbaycanla bağlı yayılan məlumatların və ölkəmizə qarşı yönəlmiş informasiya manipulyasiyalarının narahatlıq doğurduğu bildirilib.
Partiya Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı müvafiq qərarını dəstəklədiyini bir daha bəyan edib:
“Azərbaycan müstəqil və suveren dövlətdir. Ölkəmizin daxili işlərinə kənardan müdaxilə yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi vətəndaşların hüquq və azadlıqlarının əsas təminatıdır. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir”.
Sənəddə Azərbaycan hökumətinin vahid məktəbli geyimi ilə bağlı qəbul etdiyi qərarın ölkənin daxili məsələsi olduğu vurğulanıb:

“Bu məsələyə münasibətdə milli-mənəvi dəyərlərin və təhsil siyasətinin millilik və dünyəvilik prinsiplərinin nəzərə alınması vacibdir. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması dünyəvi dövlətçilik və qanunun aliliyi prinsipləri ilə uzlaşdırılır. Dünyəvi təhsilin əsas məqsədlərindən biri də uşağın bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Hesab edirik ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin əsas dəyərlərinin qorunması arasında hüquqi tarazlıq təmin edilir”.

Ağ Partiya cəmiyyətin fikir palitrasının zənginliyinin dialoq, qarşılıqlı hörmət və hüquqi dövlət prinsipləri çərçivəsində ifadə olunmasının ölkənin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib:
“Azərbaycan bir ailədir və bu ailədə etimadın və həmrəyliyin möhkəmləndirilməsi ümumi məsuliyyətimizdir. Azərbaycanın yaxın tarixində qazanılmış möhtəşəm Qarabağ Zəfəri bir daha nümayiş etdirdi ki, ölkənin ali siyasi iradəsi ətrafında cəmiyyətin müxtəlif təbəqələrinin milli məqsədlər naminə birləşməsi tarixi uğurların əldə olunmasında mühüm rol oynayır. Bu tarixi təcrübə gösterir ki, Azərbaycan xalqı milli həmrəylik, qarşılıqlı anlaşma və qətiyyət nümayiş etdirməklə qarşısında duran mühüm vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır”.
Bəyanatın sonunda qarşıda duran başlıca vəzifənin ideoloji təhlükəsizliyi qorumaq olduğu diqqətə çatdırılıb:
“Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməli, özü yad və zərərli təsirlər altına düşməməli və övladlarını da bu təsirlərdən müdafiə etməlidir”.

Latest articles

More like this